Məhkəmə-tibb eksperti: Epşteyn həbsxanada öldürülmüş ola bilər
Tanınmış məhkəmə-tibb eksperti Ceffri Epşteynin intihar etmədiyini və Nyu-Yorkdakı həbsxana kamerasında öldürüldüyünü düşündüyünü bildirib.
AFN.az xəbər verir ki, professor Maykl Friman BBC-nin Newsnight proqramına açıqlamasında Nyu-York Məhkəmə-Tibb Ekspertizası İdarəsinin sənədlərini araşdırdıqdan sonra cinsi istismar cinayətinə görə məhkum edilmiş Epşteynin boğularaq öldürüldüyü qənaətinə gəldiyini deyib.
Frimanın bu qiymətləndirməsi Epşteynin ölümü ilə bağlı rəsmi nəticə ilə ziddiyyət təşkil edir. Epşteynin 2019-cu ildə Manhettendəki həbsxana kamerasında baş verən ölümü o vaxt Nyu-Yorkun baş məhkəmə-tibb eksperti doktor Barbara Sempson tərəfindən rəsmi olaraq intihar kimi qeydə alınmışdı. Həmin vaxt Epşteyn cinsi istismar məqsədilə insan alveri ittihamı üzrə məhkəməni gözləyirdi.
ABŞ baş prokurorlarının adından bir sıra rezonans doğuran işlərdə çalışan professor Friman Epşteynin döyüldüyünə, üzünə zərbələr endirildiyinə və daha sonra boğularaq öldürüldüyünə inandığını bildirib.
Cəsədi şəxsən görməyən Friman Epşteynin öldürüldüyünü hər zaman müdafiə edən qardaşı Markın təqdim etdiyi yarılma sənədlərini bir il ərzində araşdırıb.
Friman cəsədin fotolarında sol çiyində dərin qanaxma və hücuma işarə edən xəsarətlərin göründüyünü iddia edib.
Məhkəmə-tibb eksperti açıqlamasında Epşteynin boynundakı boğulma izinin üzərində dırnaq cızıqlarının da göründüyünü bildirib. Onun sözlərinə görə, bu əlamət xüsusilə arxadan boğma hərəkəti və qurbanın boynundakı ilgəyi çıxarmağa çalışması ilə uyğun gəlir.
Friman xəsarətlərlə cəsədin tapıldığı vəziyyətin bir-birinə uyğun gəlmədiyini deyib. O, bu halda yeganə izahın ölümün qətl nəticəsində baş verməsi olduğunu bildirib və bütün xəsarətlərin insanın özünü asması nəticəsində yarana bilməyəcəyini vurğulayıb.
Professor Friman araşdırmasının nəticələrini bazar ertəsi Londonda yerləşən hüquq icması Middle Temple-də təqdim edib. Bununla belə, o, əldə etdiyi nəticələri indiyədək resenziyalı elmi jurnalda dərc etdirə bilməyib.
Friman sübutlarla bağlı şərhlərinin doğru olduğu təqdirdə Epşteyni kimin öldürmüş ola biləcəyi barədə heç bir fikrinin olmadığını və bununla maraqlanmadığını bildirib. O, bu məsələnin öz araşdırmasının bir hissəsi olmadığını qeyd edib.
BBC-yə müsahibəsində fikirlərinin sui-qəsd nəzəriyyəsinə çevrilib-çevrilmədiyi barədə suala cavab verən Friman hər kəsin sübutları özü araşdıra biləcəyini deyib. O bildirib ki, boğulmaya bənzəyən əlamətləri belə qiymətləndirdiyinə və bunun asılma nəticəsində baş verə bilməyəcəyini söylədiyinə görə onu hələ də sui-qəsd nəzəriyyəçisi hesab edənlər səhvini konkret şəkildə göstərməlidirlər.
Epşteyn 2008-ci ildə Floridada yetkinlik yaşına çatmayan şəxsi fahişəliyə cəlb etməyə təhrik etməkdə təqsirini etiraf etmişdi. Bu məhkumluq mübahisəli razılaşma və qısamüddətli həbs cəzası ilə nəticələnmişdi.
2019-cu ilin iyulunda yenidən həbs edilən Epşteyn Nyu-York və Floridada yetkinlik yaşına çatmayan qızları öz şəbəkəsinə cəlb etmək və onlara qarşı cinsi zorakılıq törətməkdə, həmçinin cinsi istismar məqsədilə insan alverində ittiham olunurdu.
Həbsxanada intihar nəzarəti altında saxlanılan Epşteyn ölümündən əvvəl bu nəzarət rejimindən çıxarılmışdı. Nyu-Yorkun baş məhkəmə-tibb ekspertinin qərarı daha sonra ABŞ Ədliyyə Nazirliyinin apardığı araşdırma ilə də dəstəklənmişdi.
The Independent qəzeti məsələ ilə bağlı açıqlama almaq üçün doktor Barbara Sempsonla əlaqə saxlayıb. Sempson daha əvvəl verdiyi açıqlamada Epşteynin ölüm səbəbi və şəraiti ilə bağlı qərarını qətiyyətlə müdafiə etdiyini bildirmişdi.
