Trampın 2024-cü il seçicilərinin 35 faizi aralıq seçkilərdə səs verməyib
ABŞ Prezidenti Donald Trampa 2024-cü il prezident seçkilərində səs verən seçicilərin 35 faizinin noyabrın 3-də keçirilən aralıq seçkilərdə səsverməyə qatılmadığı müəyyən edilib.
AFN.az xəbər verir ki, ictimai rəy sorğuları keçirən J.L. Partners şirkəti noyabrın 3-də baş tutan aralıq seçkilərlə bağlı hesabat yayımlayıb.
Hesabatda xüsusilə ali təhsili olmayan şəxslərin, kənd yerlərində yaşayanların və təqaüdçülərin seçkilərdə aşağı iştirakının respublikaçıların məğlubiyyətində həlledici rol oynadığı bildirilib.
Seçki günü 1000 qeydiyyatdan keçmiş seçici və seçki kampaniyası boyunca 30 mindən çox şəxslə aparılan müsahibələrə əsaslanan hesabatda Trampa 2024-cü ildə səs verənlərin 35 faizinin noyabrın 3-də keçirilən aralıq seçkilərdə səsverməyə qatılmadığı müəyyən edilib.
Hesabatda qeyd olunub ki, Trampın 2024-cü ildəki seçiciləri arasında ali təhsili olmayanların 46 faizi, kənd yerlərində yaşayanların 39 faizi və 65 yaşdan yuxarı şəxslərin 44 faizi noyabrın 3-də keçirilən aralıq seçkilərdə səs verməyib.
Hesabatda Demokratların aralıq seçkilərdə qazandığı səs artımının təxminən 70 faizinin seçicilərin partiya dəyişməsindən deyil, səsvermədə iştirak səviyyəsinin dəyişməsindən qaynaqlandığı bildirilib. Həmçinin aralıq seçkilərdə seçicilərin ən çox əhəmiyyət verdiyi məsələlərin yaşayış xərcləri və iqtisadiyyat olduğu vurğulanıb.
J.L. Partners şirkətinin təsisçi direktoru Ceyms Conson hesabatla bağlı bildirib ki, heç bir seçici tərəf dəyişməsəydi belə, respublikaçılar Senat və Nümayəndələr Palatasındakı çoxluğu itirəcəkdilər.

