Filip Diallo FİFA prezidentliyinə namizəd olur
Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filip Diallo FİFA rəhbərliyi uğrunda keçiriləcək seçkidə Canni İnfantinoya rəqib olmağa hazırlaşır.
AFN.az xəbər verir ki, UEFA-nın açıqlamasına əsasən, İcraiyyə Komitəsinin üzvü olan Diallo FİFA prezidentliyinə namizəd olmaq təklifini qəbul edib və bu qərarın FFF-nin sabah keçirəcəyi iclasda təsdiqlənəcəyi gözlənilir.
Açıqlamada bildirilib ki, İcraiyyə Komitəsində təmsil olunan bütün milli federasiyalar Diallonun namizədliyini dəstəkləyir. Qeyd olunub ki, FİFA-nın fəaliyyət istiqaməti ilə bağlı ciddi narahatlıqlar fonunda milli federasiyalar qlobal futbol ictimaiyyətində birliyin və etimadın yenidən bərpa edilməsinə çağırış ediblər.
Gələn ilin martında keçiriləcək prezident seçkiləri üçün namizədlik müraciətlərinin qəbulu çərşənbə günü başa çatır.
FİFA-nın Dünya Kuboku da daxil olmaqla, kommersiya və təşkilati fəaliyyətlərindəki payların özəl investisiyalara açılmasını nəzərdə tutan FIFA Forward Enterprise layihəsindən sonra Fransa da FİFA prezidenti Canni İnfantinoya dəstəyini geri çəkən federasiyalardan birinə çevrilib.
Diallo sentyabr ayında verdiyi açıqlamada FİFA-nın idarəçiliyinin futbolun təmsil etdiyi standartlara cavab vermədiyini bildirmişdi.
Federasiyada təzyiq və mobbinq iddiaları ilə bağlı aparılan araşdırmadan sonra istefa verən Noel Le Qretin əvəzinə 2023-cü ilin yanvarında müvəqqəti olaraq prezident vəzifəsinə gətirilən 63 yaşlı Diallo həmin ilin iyununda rəsmən bu posta seçilib.
Atası keçmiş boks çempionu olan Diallo futbolçu karyerasında Nant klubunun aşağı yaş qruplarından ibarət komandasında yarımmüdafiəçi kimi çıxış edib.
Parisdə hüquq təhsili alan Diallo 1992-2021-ci illərdə Fransanın peşəkar klublarını təmsil edən UCPF təşkilatına rəhbərlik edib. O, həmçinin FİFA-nın Mübahisələrin Həlli Palatasında fəaliyyət göstərib.
