ABŞ konqresmeni Trampa bağlı korrupsiya iddiaları ilə əlaqədar FIFA barədə araşdırmaya başlayıb
ABŞ Nümayəndələr Palatasının Məhkəmə Komitəsinin üzvü Ceymi Raskin FIFA ilə ABŞ Prezidenti Donald Tramp administrasiyası arasında "qarşılıqlı maraqlar əsasında imtiyazlar" münasibətlərinin mövcudluğu ilə bağlı iddialar səbəbindən FIFA haqqında araşdırmaya başlanıldığını açıqlayıb.
AFN.az xəbər verir ki, Raskin FIFA prezidenti Canni İnfantinoya ünvanladığı məktubda bildirib ki, araşdırma FIFA-nın Tramp administrasiyasından xüsusi imtiyazlar əldə etmək məqsədilə həyata keçirdiyi iddia olunan təşəbbüsləri, həmçinin bunun müqabilində Tramp administrasiyasının FIFA ilə əlaqəli yüksək profilli korrupsiya işlərini bağlaması barədə iddiaları əhatə edir.
Konqresmen FIFA-nın Dünya Kuboku biletlərinin satışında tətbiq etdiyi həddindən artıq yüksək qiymətlər və aldadıcı satış üsulları nəticəsində ABŞ istehlakçılarının zərər gördüyünü iddia edib.
Raskinin sözlərinə görə, FIFA-nın Trump Tower-də ofis icarəyə götürməsi və Donald Trampa "FIFA Sülh Mükafatı" təqdim etməsi təşkilatın Tramp administrasiyası ilə yaxın münasibətlər qurmaq cəhdinin bir hissəsi olub.
O, həmçinin ABŞ Ədliyyə Nazirliyinin daha əvvəl məhkumluqla nəticələnmiş FIFA ilə əlaqəli korrupsiya işlərini sonradan bağladığını iddia edib.
Raskin Canni İnfantinodan Donald Tramp və onun ətrafına göstərildiyi ehtimal olunan üstünlüklərlə, FIFA-nın bilet satışı siyasəti və ABŞ rəsmiləri ilə aparılan təmaslarla bağlı sənədləri, eləcə də Trump Tower-də yerləşən FIFA ofisinin ziyarətçi qeydiyyatı məlumatlarını Nümayəndələr Palatasının Məhkəmə Komitəsinə təqdim etməsini istəyib.
Konqresmen eyni zamanda FIFA prezidenti Canni İnfantinonun Komitədə ifadə verməsini də tələb edib.
