Tramp FİFA PASS-ı təqdim etdi
ABŞ Prezidenti Donald Tramp 2026-cı il Dünya Kubokunda ABŞ-a səyahət edən futbol azarkeşləri üçün viza prosesinə üstünlük verəcək yeni bir tətbiq elan edib. Ağ Evdə FİFA prezidenti Canni İnfantino ilə birlikdə çıxış edən Tramp Dünya Kuboku bilet sahiblərinə viza müsahibələri üçün prioritet görüşlər almağa imkan verəcək sistemi “FİFA PASS” adlandırıb.
Tramp Dövlət Departamentinin və Daxili Təhlükəsizlik Departamentinin azarkeşlərin ölkəyə asanlıqla daxil olmasını təmin etmək üçün fasiləsiz işlədiyini bildirib. “Mən administrasiyama 2026-cı il Dünya Kubokunu tarixin ən uğurlu tədbiri etmək üçün bütün mövcud səlahiyyətlərdən istifadə etməyi tapşırdım. Bu, tarixi bir tədbir olacaq və biz bilet satış rekordlarını qırırıq”, – deyə o qeyd edib.
FİFA prezidenti Canni İnfantino turnir üçün ABŞ-a 5-10 milyon insanın səyahət edəcəyinin gözlənildiyini bildirib: “FİFA PASS sayəsində bilet alan əsl futbol azarkeşlərinin viza prosesləri daha sürətli işlənəcək və Dünya Kubokunu ən yaxşı şərtlər altında izləyə biləcəklər”.
İnfantino Dünya Kubokunun püşkatma mərasiminin dekabrın 5-də Vaşinqtondakı Kennedi Mərkəzində keçiriləcəyini və tədbirin dünya üzrə 6 milyard tamaşaçının, püşkatmanın isə 1 milyard insanın izləyə biləcəyini qeyd edib.
ABŞ Dövlət Katibi Marko Rubio viza problemini həll etmək üçün dünya üzrə səfirliklərə 400-dən çox konsulluq işçisinin göndərildiyini elan edib. Rubio bəzi ölkələrdə işçi sayının ikiqat artırıldığını da qeyd edib.


