Robert Pattinson yeni Ceyms Bond seçildi
Dünya şöhrətli aktyor Robert Pattinsonun yeni Ceyms Bond rolunu canlandıracağı rəsmən açıqlanıb.
AFN.az xəbər verir ki, bununla da Daniel Kreyqin ardından əfsanəvi britaniyalı məxfi agent obrazını kimin canlandıracağı ilə bağlı illərdir davam edən müzakirələrə son qoyulub.
Betmen, Alatoranlıq dastanı və Kristofer Nolanın filmlərindəki rolları ilə tanınan 40 yaşlı aktyor bu rol uğrunda adı hallanan Kallum Törner, Cek Louden, Coş O'Konnor, Nikolas Holt və Ceykob Elordi kimi namizədləri geridə qoyaraq filmin yeni baş qəhrəmanı olub.
Studiya tərəfindən yayılan açıqlamada Pattinson Ceyms Bondun kino tarixinin ən əfsanəvi personajlarından biri olduğunu bildirib. Aktyor 007 rolunu canlandırmağı həyatının ən böyük şərəfi adlandırıb və rejissor Denis Vilnövə, Emi Paskala, Devid Heymana, Tanya Lapoynteyə, eləcə də Amazon MGM Studios komandasında çalışan hər kəsə ona göstərdikləri etimada görə minnətdarlığını ifadə edib. Pattinson bu rolun arzusunun gerçəkləşməsi olduğunu və yaradıcı heyətlə birlikdə çalışmaq üçün səbirsizləndiyini vurğulayıb.
Filmin rejissoru Dune və Blade Runner 2049 ekran əsərləri ilə tanınan Denis Vilnöv olacaq. Ssenarini isə Peaky Blinders serialının yaradıcısı Stiven Nayt yazacaq. Pattinson Vilnöv ilə daha əvvəl Dune: Part Three filmində də birlikdə çalışıb.
Vilnöv Pattinsonun aktyor heyətinə qoşulmasından məmnunluğunu ifadə edərək britaniyalı aktyorun əfsanəvi obraza tamamilə yeni çalarlar gətirəcəyini bildirib. Rejissor 007-nin zamansız ruhunu qorumaqla yanaşı, personaja yeni nəfəs verəcəyini və çəkilişlərə başlamağı səbirsizliklə gözlədiyini qeyd edib.
Pattinson Şon Konneri, Corc Lezenbi, Rocer Mur, Timoti Dalton, Pirs Brosnan və Daniel Kreyqdən sonra rəsmi film seriyasında Ceyms Bond obrazını canlandıran yeddinci aktyor olacaq. Kreyq bu personajı sonuncu dəfə 2021-ci ildə ekranlara çıxan No Time to Die filmində canlandırmışdı. Həmin ekran əsəri 2006-cı ildə Casino Royale filmi ilə başlayan beşfilmlik seriyanın finalı olmuşdu.
Bu aktyor seçimi Amazon MGM Studios-un 2025-ci ilin martında seriyanın uzun illər rəhbərləri olmuş Barbara Brokkoli və Maykl C. Vilsonla razılaşma əldə edərək Ceyms Bond franşizasının yaradıcı nəzarətini ələ keçirməsindən sonra yeni mərhələnin başlanğıcı hesab olunur.
Yeni ekran əsəri Amazon MGM Studios-un yaradıcı rəhbərliyi altında istehsal edilən ilk Ceyms Bond filmi olacaq. Filmin nümayiş tarixi hələ açıqlanmayıb, lakin ekran əsərinin 2028-ci ildə tamaşaçılara təqdim olunacağı gözlənilir.



