98-ci Oskar namizədləri açıqlandı: “Sinners” tarixə düşdü
Kino dünyasının ən nüfuzlu mükafatları sırasında yer alan Oskar mükafatlarının bu ilki namizədləri Kaliforniya mərkəzli Kino Sənətləri və Elmləri Akademiyası tərəfindən elan olunub. 98-ci dəfə keçiriləcək mərasimin namizədləri Danielle Bruks və Lyuis Pullmanın təqdimatı ilə açıqlanıb.
Rejissoru Rayan Kuqler olan “Sinners” filmi ümumilikdə 16 nominasiyada namizəd göstərilərək “Oskar tarixində ən çox namizədlik qazanan film” tituluna layiq görülüb. Film ən yaxşı film, ən yaxşı rejissor və ən yaxşı kişi rolu kimi əsas kateqoriyalarla yanaşı, bir çox texniki sahələrdə də mübarizə aparacaq.
Ən yaxşı film və rejissor kateqoriyalarında güclü rəqabət
Bu il ən yaxşı film kateqoriyasında “Bugonia”, “F1”, “Frankenstein”, “Hamnet”, “Marty Supreme”, “One Battle After Another”, “The Secret Agent”, “Sentimental Value”, “Sinners” və “Train Dreams” filmləri əsas mükafat uğrunda yarışacaq.
Ən yaxşı rejissor nominasiyasında isə Pol Tomas Anderson, Rayan Kuqler, Coş Safdi, Yoaxim Trier və Kloi Jao namizəd olublar.
Aktyor kateqoriyalarında önə çıxan adlar
Ən yaxşı kişi rolu kateqoriyasında Timoti Şalame, Leonardo Di Kaprio, İtan Hok, Maykl B. Cordan və Vaqner Moura namizəd göstərilib. Ən yaxşı qadın rolu nominasiyasında isə Cessi Bakli, Rouz Börn, Keyt Hadson, Renate Reynsve və Emma Stoun “qızıl heykəlcik” uğrunda mübarizə aparacaq.
Xarici dildə ən yaxşı film namizədləri
Xarici dildə ən yaxşı film kateqoriyasında Braziliyadan “The Secret Agent”, Fransadan “It Was Just an Accident”, Norveçdən “Sentimental Value”, İspaniyadan “Sirat” və Tunisdən “The Voice of Hind Rajab” siyahıya daxil edilib.
Mərasim 15 martda keçiriləcək
Oskar mükafatlarının təqdimetmə mərasimi 15 mart tarixində baş tutacaq. Böyük gecənin aparıcısı ABŞ-li məşhur komediyaçı Konan O’Brayn olacaq.





