Bred Pittin London səfəri təxirə düşdü - qrip olduğu üçün
Hollivud aktyoru Bred Pitt qripə yoluxduğu üçün yeni filminin Londonda keçirilən premyerasına qatılmayıb.
AFN.az “The Independent” nəşrinə istinadən xəbər verir ki, 62 yaşlı aktyor noyabrın 23-də BFI IMAX kinoteatrında nümayiş etdirilməsi planlaşdırılan “The Further Mis-Adventures of Cliff Booth” filminin təqdimatında iştirak etməli idi. Lakin tədbirin təşkilatçıları onun səhhətində yaranan problemlə əlaqədar premyeraya gəlməyəcəyini açıqlayıblar.
Təşkilatçıların bildirdiyinə görə, aktyor qripə tutulub və ona səfər etməmək tövsiyə olunub.
Bred Pittin iştirak etmədiyi tədbirdə filmin rejissoru Devid Finçer və aktrisa Elizabet Debiki, eləcə də aktyorlar Skott Kaan, Yahya Abdul-Matin II və Piter Veller iştirak ediblər.
Yeni ekran əsəri Kventin Tarantinonun 2019-cu ildə çəkilmiş “Bir zamanlar... Hollivudda” filminin müstəqil davamı hesab olunur. Bred Pitt burada yenidən kaskadyor Kliff But obrazını canlandırır. Hadisələr 1977-ci ildə cərəyan edir.
Filmin noyabrın 25-də kinoteatrlarda nümayişinə başlanacaq. Dekabrın 23-dən isə Netflix platformasında yayımlanacaq.
