Dua Lipa “Samsung”u 15 milyon dollar təzminat tələbi ilə məhkəməyə verib



Dünya şöhrətli müğənni Dua Lipa bəzi televiziya qutularının qablaşdırmasında onun fotoşəkillərindən icazəsiz istifadə edildiyi iddiası ilə texnologiya nəhəngi “Samsung”a qarşı 15 milyon dollarlıq məhkəmə iddiası qaldırıb.

AFN.az xəbər verir ki, BBC-nin yaydığı məlumata görə, sənətçi şirkətin ABŞ daxilində satılan bəzi məhsullarında onun razılığı olmadan təsvirlərindən yararlandığını əsas gətirərək, mayın 8-də ABŞ federal məhkəməsinə müraciət edib.

Məhkəmə dosyesində vurğulanıb ki, şirkət qablaşdırma dizaynını “Samsung” məhsullarını tanıtmaq və satmaq məqsədilə Lipanın böyük zəhmətlə əldə etdiyi uğurundan qanunsuz şəkildə faydalanmaq üçün hazırlayıb.

İddia sənədində “müəllif hüquqlarının pozulması”, “ticarət nişanının pozulması”“Lipanın obrazından sui-istifadə” kimi maddələr yer alıb.

Qeyd olunub ki, qutuların üzərində müğənninin 2024-cü ildə keçirilən bir festivaldakı performansı zamanı çəkilmiş və müəllif hüququ özünə məxsus olan fotosu yerləşdirilib.

Sənədlərə əsasən, sənətçi bu vəziyyəti ilk dəfə 2025-ci ilin iyununda fərq edib və həmin ərəfədə pərəstişkarları sosial şəbəkələrdə bu məhsulları “Dua Lipa TV qutusu” kimi təqdim edən paylaşımlar ediblər.

Dosyedə sənətçinin pərəstişkarlarının maraqlı şərhlərinə də yer verilib. Məsələn, bir istifadəçinin “Sırf Dua olduğu üçün o televizoru alacağam”, digərinin isə “Əgər nəsə satmaq istəyirsinizsə, üzərinə Dua Lipanın şəklini qoyun” kimi fikirləri sübut kimi təqdim olunub.

Müğənninin hüquq qrupu bildirib ki, “Samsung” rəhbərliyi hüquq pozuntularını dayandırmaq barədə təkrarən edilən tələbləri və xəbərdarlıqları görməzdən gəlib. Hazırda məhkəmə prosesi davam edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu