"Google" Gemini-yə yeni funksiya əlavə etdi
"Google" Gemini süni intellekt modelinin böyük sənədlər, cədvəllər və multimedia faylları ilə işləməsi üçün yeni funksiyanı istifadəyə verib.
AFN.az “Google”un rəsmi bloquna istinadən xəbər verir ki, Gemini API-yə əlavə edilən yeni imkan proqramçılara faylların yalnız ehtiyac duyulan hissələrini süni intellektə təhlil etdirməyə şərait yaradır.
Yeni funksiya vasitəsilə PDF və digər sənədlərdə konkret səhifələri, elektron cədvəllərdə müəyyən xanaları, video və audio fayllarında isə seçilmiş zaman aralıqlarını göstərmək mümkündür.
Məsələn, istifadəçi 500 səhifəlik sənədin hamısını modelə təqdim etmək əvəzinə, yalnız müəyyən səhifələrin təhlilini sifariş edə bilər. Eyni qayda elektron cədvəllərə, videolara və səs yazılarına da tətbiq olunur.
"Google" bildirir ki, bu üsul süni intellektin emal etdiyi məlumatın həcmini azaltmaqla token xərclərini də aşağı sala bilər. Beləliklə, böyük fayllarla işləyən proqramçılar və şirkətlər yalnız ehtiyac duyduqları məlumatların təhlili üçün resurs sərf edəcəklər.
Yenilik PDF-lərlə yanaşı, Word, PowerPoint, Excel və OpenDocument formatlarını da əhatə edir. Video və audio materiallarda isə istifadəçilər konkret zaman aralığını seçə bilərlər.
Şirkətin açıqlamasına görə, yeni imkanlar Gemini API vasitəsilə Google AI Studio və biznes istifadəçiləri üçün təqdim olunur. Bu, adi Gemini tətbiqində bütün istifadəçilər üçün eyni funksiyanın aktivləşdirilməsi demək deyil.


