Yerin nüvəsindən səthə karbon sızır? - Alimlər qeyri-adi izlər aşkarladı


Havaydakı Kilauea vulkanından götürülmüş süxurların təhlili alimlərə Yerin nüvəsindəki karbonun planetin səthinə qədər çata biləcəyini ehtimal etməyə əsas verib.

AFN.az Kolumbiya Universitetinin İqlim Məktəbinin (Columbia Climate School) rəsmi məlumatına istinadən xəbər verir ki, tədqiqatçılar vulkanik süxurlardakı karbon izotoplarını araşdırarkən adi mantiya karbonundan fərqlənən göstəricilər aşkar ediblər.

Araşdırmada Kilauea vulkanının püskürmələri zamanı yaranmış süxurlardakı kiçik maqma damcıları – ərimiş süxurun kristallar daxilində qapalı qalan nümunələri tədqiq olunub. Bu nümunələr alimlərə maqmanın tərkibindəki qazları araşdırmaq imkanı verib.

Tədqiqatçılar Kilauea nümunələrində karbonun izotop göstəricisinin təxminən -1 promil olduğunu müəyyən ediblər. Bu göstərici mantiyanın digər nümunələrində müşahidə olunan səviyyələrdən fərqlənir.

Araşdırmanın rəhbəri, Kolumbiya Universitetinin professoru İv Müssallam hesab edir ki, fərqli izotop göstəricisi karbonun Yerin nüvəsindən gəlməsi ilə bağlı ola bilər. Onun fikrincə, nüvədən mantiya qatına keçən karbon vulkanik proseslər vasitəsilə səthə qədər daşına bilər.

Alimlər bu nəticələri 4,5 milyard ildən çox yaşı olan, karbonla zəngin meteoritlərin tərkibindəki göstəricilərlə də müqayisə ediblər. Müqayisə Yerin formalaşmasının son mərhələlərində belə meteoritlərin planetə karbon gətirməsi ehtimalını gücləndirib.

Bununla belə, tədqiqatçılar karbonun məhz Yerin nüvəsindən gəldiyini hələ qəti şəkildə sübut etməyiblər. Araşdırmanın rəhbəri əlavə ölçmələrə ehtiyac olduğunu vurğulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu