Hörmüz boğazında üç neft tankerində partlayış və yanğın baş verib
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında icazə verilməyən marşrutlardan istifadə edən üç neft tankerinin dəniz minalarına çırpılması nəticəsində partlayaraq alova büründüyünü açıqlayıb.
AFN.az xəbər verir ki, SEPAH-ın hadisə ilə bağlı yaydığı yazılı açıqlamada tankerlərin müəyyən edilmiş marşrutlardan kənar hərəkət etdiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, dəniz minalarına çırpılan üç neft tankerində partlayışlar baş verib və güclü yanğın başlayıb.
Partlayışların gəmilərdən biri boğazın cənub sahillərində, digər ikisi isə Hörmüz boğazının şərqində olarkən baş verdiyi bildirilib.
Açıqlamada sözügedən gəmilərin ABŞ ordusunun genişmiqyaslı hava mühafizəsi və müşayiəti altında olduğu iddia edilib. Bildirilib ki, ABŞ ordusunun hava müşayiəti bu hadisələrin qarşısını ala bilməyib.
İran ABŞ-ın iyulun 8-də hücumlarını yenidən başlamasından sonra iyulun 12-də Hörmüz boğazını təkrar bağladığını açıqlamışdı.
Tehran rəhbərliyi müəyyən etdiyi marşrutdan kənar hərəkət edən və icazəsiz keçid edən gəmiləri hədəfə alacağı ilə hədələmişdi.
