"Sağlam Diş" klinikasında sığortalı xəstədən diş çəkilməsi üçün ödəniş tələb edilib?
Bakıda fəaliyyət göstərən özəl stomatoloji klinikada sığortalı xəstədən dişinin çəkilməsi üçün ödəniş tələb olunub.
AFN.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Azər Qurbanov paylaşım edib. O, Bakıxanov qəsəbəsində yerləşən "Sağlam Diş" Müasir Diş Stomatoloji Mərkəzinə müraciət etdiyini və burada qarşılaşdığı vəziyyətdən narazı qaldığını bildirib.
Azər Qurbanovun sözlərinə görə, qəbul zamanı onun sığortalı xəstə olduğu klinikaya məlum olub. Həkim müayinə zamanı dişin kökündə iltihab yarandığını əsas gətirərək müalicə əvəzinə dişin çəkilməsini məsləhət görüb. O da həkimin tövsiyəsi ilə razılaşaraq dişini çəkdirib. Lakin prosedur başa çatdıqdan sonra həkim ona ödəniş etməli olduğunu bildirib: “Prosedur başa çatdıqdan sonra həkimə təşəkkür edib sağollaşarkən onun "Ödənişi aşağıda, qəbul şöbəsində edərsiniz"» deməsi məndə təəccüb doğurdu. Axı mən sığortalı xəstə idim. Düşündüm ki, yəqin məni başqa xəstə ilə səhv salıblar”.
Qəbul şöbəsində də ondan ödəniş tələb edildiyini bildirən paylaşım müəllifi sığortalı olduğunu, dişində heç bir estetik müdaxilə aparılmadığını, sadəcə çəkildiyini izah etsə də, klinika əməkdaşının mövqeyini dəyişmədiyini qeyd edib. Azər Qurbanovun sözlərinə görə, yaranmış anlaşılmazlığı aradan qaldırmaq üçün çalışdığı institutda əməkdaşların sığorta xidmətləri ilə əlaqələrini təşkil və nəzarət edən şəxsə müraciət etməli olub. Onun müdaxiləsindən sonra qəbul şöbəsinin əməkdaşı bir müddət sonra ödəniş etməyəcəyini bildirib və üzr istəyib: "Özəl stomatoloji klinikalar sığortalı xəstələrə niyə bəzən bu cür münasibət göstərirlər? Bu, sığorta qaydalarının düzgün bilinməməsindən irəli gəlir, yoxsa sığortalı xəstəyə qarşı formalaşmış müəyyən münasibətin göstəricisidir?”
Azər Qurbanov hesab edir ki, xəstənin sığortalı olması ona qarşı diqqətsiz və ya fərqli münasibət göstərilməsinə əsas verməməlidir. Onun fikrincə, göstərilən xidmətin ödənişli, yaxud sığorta təminatına daxil olması barədə xəstə əvvəlcədən məlumatlandırılmalıdır.
“Sığorta xəstəyə qayğı və rahatlıq yaratmaq üçündür, əlavə narahatlıq yox!” – deyə o, qeyd edib.
Qeyd edilənlərlə bağlı klinikanın mövqeyini verməyə hazırıq.



