Stomatoloq Könül Əlişova dişimə breket qoydu, amma heç bir dəyişiklik olmadı - ŞİKAYƏT+FOTO
Vətəndaş Səbinə Hüseynli ortodont Könül Əlişovadan şikayətçidir.
AFN.az-ın redaksiyasına etdiyi müraciətdə S.Hüseynova bildirib ki, təxminən üç il əvvəl breket müalicəsi ilə bağlı “MV Dent” diş klinikasında Könül Əlişovanın yanına gedir: "İlk il müalicəmi orada davam etdirdim. Özüm rentgen müayinəsinin nəticələrini də aparmışdım. Həkim rentgenə baxdıqdan sonra mənə breket qoydu. Bir il ərzində müalicə alsam da, heç bir irəliləyiş görmədim. Əsas problemim dişlərimin əyriliyi və çənə ilə bağlı idi. İkinci il həkim “Forostadent” diş klinikasına keçdi və mən də müalicəmi orada davam etdirdim. Hər ay müayinəyə gedirdim. Lakin ikinci ilin sonunda da heç bir müsbət nəticə əldə olunmadı. Çənəmdə dəyişiklik olmadığını həkimin özünə də bildirdim. O isə mənə son dörd ayın qaldığını, həmin müddətdə də müalicəyə davam etməli olduğumu dedi. Halbuki başqa həkimlər mənə çənə problemlərimin iki il ərzində düzəlməli olduğunu bildirmişdilər. Artıq iki il keçmişdi, amma heç bir dəyişiklik yox idi. Üçüncü il həkim başqa bir klinikaya – “Dental Update”ə keçdi. Müalicəmi burada da davam etdirdim. Lakin artıq üçüncü il həkimin yanına əvvəlki kimi tez-tez getmirdim. Çünki müalicənin heç bir faydasını görmədiyimi ona da bildirmişdim. Həmin il cəmi bir-iki dəfə qəbulunda oldum, o da son ümidlə ki, problemim düzələr, amma düzəlmədi".
S.Hüseynli üç il ərzində həkim dişlərini düzəldə bilmədiyi, çənə və diş əyriliyi problemini aradan qaldıra bilmədiyi üçün etdiyi ödənişin geri qaytarılmasını istəyir: "Breket müalicəsi üçün ümumilikdə 1400 manat ödəmişəm. İndi isə ödədiyim pulun geri qaytarılmasını tələb edirəm".
Könül Əlişova AFN.az-a açıqlamasında bildirib ki, pasiyent rayona köçdüyü üçün gec-gec gəlib: "Breket müalicəsinin qaydalarına əsasən, pasiyent ildə 12 dəfə, yəni ayda bir dəfə müayinəyə gəlməlidir. Çünki breket taxıldıqdan sonra həkim mütəmadi olaraq müalicə prosesini davam etdirməli, əyri dişlərin istiqamətini dəyişməli, duqaları yeniləməli, pasiyentə verilən rezinkaların da vaxtında taxılmasına nəzarət etməlidir. Lakin Səbinə xanım ayda bir dəfə deyil, təxminən üç-dörd aydan bir müayinəyə gəlirdi. Mənim əvvək işlədiyim klinika lisenziyası olmadığı üçün bağlandı. Gənclikdəki klinika lisenziya ilə bağlı səbəblərdən bağlandıqdan sonra mən fəaliyyətimi başqa klinikada davam etdirdim. Artıq il yarımdır ki, orada yeni assistentlə çalışıram. Klinikada hər tərəfdə kamera sistemi quraşdırılıb. Yeni assistentim pasiyenti cəmi üç dəfə görüb və onun klinikaya gəlişləri kamera görüntülərində də qeydə alınıb.
Hər dəfə görüş vaxtı təklif edəndə Səbinə xanım üç-dörd gün sonra cavab verir, bəzən isə ümumiyyətlə cavab yazmır. Gələcəyini bildirdiyi halda, son anda xəbərdarlıq etmədən gəlmir və ya gəlməyəcəyini deyir. Üç-dörd aydan bir müayinəyə gələndə isə müalicədən narazı olduğunu bildirir.
Mən ona izah etdim ki, müalicənin nəticə verməsi üçün mütəmadi olaraq müayinəyə gəlməli və həkimə öz işini görmək imkanı yaratmalıdır. Breket taxılan kimi dişləri öz-özünə ideal vəziyyətə gətirən sehrli vasitə deyil. Rayonda yaşadığını və gələ bilmədiyini deyəndə ondan soruşdum ki, bu halda məndən nə tələb edir?
Artıq 12 ildir ki, fəaliyyət göstərirəm, sosial şəbəkələrdə aktivəm və mürəkkəb pasiyentlərlə də işləmişəm. Səbinə xanımın ağız gigiyenası və dişlərinin vəziyyəti yaxşı deyildi. Bir neçə ay əvvəl breketləri çıxartdırmaq istədiyini, müalicədən narazı qaldığını və ödədiyi pulun geri qaytarılmasını tələb etdiyini bildirdi.
Mən isə cavab verdim ki, müalicə hələ başa çatmayıb. Əgər müalicə yekunlaşdıqdan sonra diş əyriliyi və ya çənə ilə bağlı problem qalarsa, o zaman pasiyentin narazılığını əsaslı hesab etmək olar. Lakin müalicə davam etdiyi halda tövsiyələrə əməl olunmursa və müayinələrə vaxtında gəlinmirsə, ödənilən məbləğin geri qaytarılmasını tələb etmək üçün əsas görmürəm. Bu söhbətdən sonra klinikaya gəldi, ətraflı danışdıq, ona vəziyyəti izah etdim. Sakitləşərək getdi, lakin bir müddət sonra eyni vəziyyət yenidən təkrarlandı.
Ödənilən 1400 manat breketin və görülən işlərin, eləcə də müalicə müddətindəki gəliş-gedişlərin qarşılığıdır. Hazırda breketlərin sökülüb-sökülmədiyindən xəbərim yoxdur. Bəzən müalicə prosesi başa çatmadan və ya müalicə qaydalarına riayət edilmədən müxtəlif səbəblərlə ödənişin geri qaytarılmasını istəyən pasiyentlər olur. Mən pulu yalnız pasiyentin haqlı olduğu halda geri qaytara bilərəm.
Səbinə xanım sosial şəbəkədə adımı qeyd etdiyi üçün hüquqlarımın pozulduğunu və mənə ziyan dəydiyini əsas gətirərək məhkəməyə müraciət etmişəm. Vəkillə də danışmışam, işin açılması üçün üçüncü gün müvafiq quruma müraciət edəcəyəm".

