Çəpliyə görə əməliyyat olundum, görməm zəiflədi – “DünyaGöz” klinikasından şikayət


Bakıda yerləşən “DünyaGöz” klinikasında vətəndaşla həkimlər arasında insident yaranıb. AFN-in redaksiyasına müraciət edən vətəndaş Gülçöhrə Bəşirova “DünyaGöz” klinikasında gözündəki paralitik çəplik diaqnozu ilə əməliyyat olunduğunu, əməliyyatdan sonra çəpliyin düzəlmədiyini, üstəlik, görmə qabiliyyətinin də zəiflədiyini deyir.


“Klinikada mənim gözümü “dışa kayma” dioqnozu ilə əməliyyat ediblər. Bu çəplik mənim 1 gözümdə var. Amma çox pul almaq üçün hər iki gözü əməliyyat ediblər. Əməliyyatdan sonra həmin həkim Azərbaycandan qaçıb, gedib. Daha gəlmir. Adı Halit Özhisar idi. Əməliyyatla çəpliyin düzələcəyinə 100 faiz zəmanət vermişdi. Amma əməliyyatdan sonra nəinki gözümdəki çəplik düzəlmədi, hətta, görmə qabiliyyətim də zəiflədi” – deyən G.Bəşirovanın sözlərinə görə, klinika barədə polisə və prokurorluq orqanına müraciət edib: “Türkiyədən başqa bir həkim gətiriblər - Halil İbrahim Altınsoy. O, mart ayında gözümü müayinə edib dedi ki, əəməliyyat nəticə verməyib, təzədən əməliyyat etmək lazımdır, amma onunla da düzələcəyinə zəmanət vermirik”. Üstəlik, 6 ay da gözləməli olduğumu dedi. 6 ay tamam oldu. Çəplik düzəlmədi, görməyim daha da zəiflədi. Getdim klinikaya ki, məndən dələduzluqla aldığınız pulu geri qaytarın, gedib öz başıma bir çarə edim. Bunlar dələduzluqla məndən 4480 manat pul alıblar. İndi də Türkiyədən gələn professor Halil İbrahim Altınsoy da şərik olub onların yalanlarına. Həkimi öyrədiblər ki, başqa söz desin. O da gözümü müayinə edib deyir ki, “dışa kayma” var, amma əməliyyata aid deyil. Necə yəni? Mən elə “dışa kayma” probleminin düzəlməsi üçün əməliyyata girib sizə 4480 manat pul ödəmişəm. Madam ki, “dışa kayma” hələ də var, deməli, siz mənə qarşı dələduzluq edib pul almısınız. Yox, əgər belə etməmisinizsə, o zaman ödədiyim vəsaiti geri qaytarın, mən başımın çarəsinə baxım. Yoldaşımla birgə getdik klinikaya. Dedilər ki, sizin vəsaitinizi geri qaytarmırıq, gedin, hara şikayət edirsinizsə, edin. Yoldaşım dərhal polisə müraciət elədi. Klinika barədə prokurorluğa müraciət edildi”.
Vətəndaş onu da bildirir ki, ya klinika ona dəyən zərəri, ya da bu cür dələduzluqlara tuş gələn adamları toplayıb klinikanın önündə aclıq aksiyasına başlayacaq: “Onlar özlərini kiminsə himayəsində hiss edib çox arxayınca özbaşınalıq edirlər. Bütün bunlarla mübarizəmizə son verməyəcək, məsələni məhkəməyə qədər daşıyacağıq. Lakin buradan səslənirəm ki, “DünyaGöz” klinikasından zərər görən, bu dərəbəy klinika tərəfindən aldadılan adamlar mütləq səslərini qaldırsınlar. Biz bir yumruq kimi birləşib haqqımızı tələb edə bilərik!”

“DünyaGöz” klinikasının direktoru Ömər Mətə AFN-ə açıqlamasında bildirdi ki, G.Bəşirovanı narazılığından dolayı klinikaya dəvət edib, durumu ilə maraqlanıblar: “Onun gözündəki problem əməliyyatdan qalma deyil, hansısa başqa səbəbdən yaranıb. Biz Gülçöhrə xanıma təklif edirik ki, gəlsin müayinə edək, lazım olsa müalicəsini də öz üzərimizə götürməyə hazırıq. Lakin o razılaşmır, təkid edir ki, pulunu geri qaytaraq. Klinika onun əməliyyatdan normal çıxdığını sübut edir. Bunun üçün biz bütün işləmləri normal həyata keçirmişik. Əməliyyatdan bəlli bir zaman sonra problem yaranıb”.
G.Bəşirovanın hüquq-mühafizə orqanlarına müraciət etməsinə də münasibət bildirən direktor heç bir problem görmədiyini dedi: “Bütün işlərimizi sənədli-sübutli görmüşük, biz özümüzdən arxayınıq”.

HƏBİBƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu