Əməliyyat etdiyi xəstə ölən cərraha cinayət işi açıldı
Füzuli rayon Mərkəzi Xəstəxanasının ümumi cərrahı Azad Hüseynzadə ilə bağlı cinayət işi başlanılıb.
Həkim səhlənkarlıq edərək əməliyyat etdiyi xəstənin ölümünə səbəb olmaqda ittiham olunur.
Cərrah Azad Hüseynzadə Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinir. Məlumata görə, Azad Hüseynzadənin Füzuli Rayon Mərkəzi Xəstəxanasında əməliyyat etdiyi İncibəyim Məmmədquliyeva vəfat edib.
A.Hüseynzadə isə bildirib ki, onun bu hadisədə heç bir təqsiri yoxdur: “Mən normal cərrahi əməliyyat aparmışam. Xəstə əməliyyatdan sonra evə göndərilib. 20 gün sonra başqa klinikada cərrahi əməliyyat olunub. Onun ölümü ilə bağlı mənim heç bir günahım yoxdur”.
Məlumata görə, A. Hüseynzadə Vətən Müharibəsində ön cəbhədə xeyli sayda hərbiçinin müalicəsində iştirak edib.
Qeyd edək ki, İ.Məmmədquliyeva daha sonra Bakıda özəl klinikaların birində əməliyyat olunub. Hazırda faktla bağlı prokurorluqda araşdırma aparılır.