Senatorların Maskla bağlı araşdırma tələbi cavabsız qalıb
Pentaqonun baş müfəttişi Ukraynada "Starlink" və "Starshield" peyk rabitə sistemlərinin fəaliyyətində yaranan fasilələrlə bağlı araşdırma aparmaqdan imtina edib.
AFN.az "Associated Press"ə istinadən xəbər verir ki, baş müfəttiş bu qərarı bir qrup ABŞ senatorunun müraciətindən sonra verib.
Agentliyin əldə etdiyi cavab məktubunda bildirilib ki, senatorların qaldırdığı suallara ABŞ Hərbi Hava Qüvvələri daha dolğun cavab verə bilər. AP yazır ki, qanunvericilər bu mövqeyi "SpaceX" şirkətinin rəhbəri İlon Maskla bağlı araşdırma aparmaqdan imtina kimi qiymətləndiriblər.
Bundan əvvəl Nyu-Hempşir ştatından olan demokrat senator Cin Şahin Konqresin yuxarı palatasının hər iki partiyasını təmsil edən doqquz üzvün Pentaqonun baş müfəttişinə məktub göndərdiyini açıqlamışdı. Senatorlar "Starshield" sistemindəki fasilələrin araşdırılmasını tələb edərək, ABŞ rəsmilərindən hər hansı birinin bu fasilələrə icazə verib-vermədiyinin və ya onlar barədə əvvəlcədən məlumatlı olub-olmadığının müəyyənləşdirilməsini istəyiblər.
