Zaxarova: Avropa Rusiyanın maraqlarını müzakirə etməyə hazır deyil



Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropanın Rusiyanın maraqları ilə bağlı məsləhətləşmələr aparmağa hazır olmadığını bildirib. 

AFN.az xəbər verir ki, o, Moskvanın deyil, Brüssel, Baltikyanı ölkələr, Berlin və Parisin müharibəni qızışdırdığını iddia edib.

Zaxarova Moskvada keçirdiyi həftəlik mətbuat konfransında gündəmdəki məsələləri dəyərləndirib.

Avropa ölkələrinin Ukraynaya hərbi dəstəyi davam etdirdiyini deyən Zaxarova Avropa institutlarının rəhbərlərinin Rusiyanın maraqları ilə bağlı səmimi məsləhətləşmələr aparmağa hazır olmadıqlarını, reallıqdan uzaq tələblər irəli sürməkdə davam etdiklərini bildirib. O, buna görə də Avropa İttifaqı (Aİ) siyasətçilərinin yanaşmalarında heç bir dəyişiklik görmədiklərini söyləyib.

Zaxarova avropalıların müharibəni qızışdırdığını vurğulayaraq, müharibəni qızışdıranların Moskvada deyil, Brüssel, Baltikyanı ölkələr, Berlin və Parisdə olduğunu iddia edib. Onun sözlərinə görə, avropalılar qarşıdurma xarakterli ritorikaları, eləcə də hərbi sənaye və maliyyə şirkətlərinin sahiblərinin maraqları naminə Avropanın hərbiləşdirilməsinə yönəlmiş düşünülməmiş lobbiçilik fəaliyyətləri ilə ölkələrini fəlakətə sürüklədiklərini anlamalıdırlar.

Böyük Britaniyanın Ukraynaya yeni Storm Shadow qanadlı raketləri göndərməyi planlaşdırdığı barədə iddiaları şərh edən Zaxarova Rusiya hərbçilərinin bu qanuni hədəflərin vurulması üçün lazımi tədbirlər görəcəyini bildirib.

Mariya Zaxarova Böyük Britaniyanın Ukrayna böhranını dərinləşdirməyi və müharibənin davam etməsini hədəflədiyini iddia edib.

Zaxarova Kiyevin döyüşləri uzatmağa yönəlmiş mövqe sərgilədiyini bildirib. Onun sözlərinə görə, Rusiya və ABŞ Ukrayna böhranının həlli ilə bağlı danışıqların bərpasına yönəlmiş diplomatik təşəbbüslərini davam etdirərkən, Ukrayna Prezidenti Volodimir Zelenski bu prosesə mane olmağa çalışır, qəbuledilməz şərtlər irəli sürür və Rusiya xalqına qarşı terror aktları həyata keçirir.

Moldovanın oktyabrın 23-də bir rusiyalı diplomatı ölkədən çıxarmaq qərarı verdiyinə diqqət çəkən Zaxarova buna cavab verəcəklərini vurğulayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu