Yaponiya avtomobil sənayesini hərbi istehsala cəlb edir: dronlara tələbat artır



Yaponiya hökuməti ölkənin müdafiə potensialını gücləndirmək məqsədilə avtomobil sənayesinin geniş təchizat zəncirini hərbi istehsala yönəltməyə çalışır. 

AFN.az xəbər verir ki, bu proses çərçivəsində əvvəllər əsasən avtomobil hissələri istehsal edən şirkətlər müdafiə texnologiyaları sahəsində yeni imkanlar axtarır, xüsusilə pilotsuz uçuş aparatları üçün komponentlərin hazırlanmasına maraq göstərirlər.

Uzun illər Toyota avtomobilləri üçün ehtiyat hissələri istehsal etməklə gəlir əldə edən Yaponiyanın Aster şirkəti də bu istiqamətdə fəaliyyətini dəyişib. Ölkənin avtomobil sənayesi Çinin sərt rəqabəti ilə üzləşdiyi bir vaxtda şirkət müdafiə texnologiyaları sahəsində yeni bazar tapıb. Asterin elektrik mühərrikləri ABŞ-ın hərbi texnologiya şirkəti Anduril tərəfindən hazırlanan dronlarda istifadə olunur. Şirkətin müdafiə sektorundan əldə etdiyi gəlir ötən il bu sahəyə daxil olduqdan sonra ümumi gəlirlərinin onda birinə çatıb.

Asterin baş icraçı direktoru Takenobu Honqo bildirib ki, dron istehsalı şirkət üçün daha sərfəli biznesdir və hazırda avtomobil mühərrikləri kifayət qədər gəlir gətirmir. Onun sözlərinə görə, müdafiə sifarişlərinə qoşulmaq Yaponiyada uzun müddət ehtiyatla qarşılanan bir sahəyə keçid deməkdir. Ölkənin ictimai həyatı İkinci Dünya müharibəsindən sonra formalaşmış pasifist yanaşmanın təsiri altında olub.

Reuters-in hökumət rəsmiləri, şirkət rəhbərləri və Baş nazir Sanae Takaiçinin kabinetinin müşaviri də daxil olmaqla, doqquz nəfərlə apardığı müsahibələrə əsasən, Asterin bu addımı Tokionun ölkənin çoxsaylı avtomobil təchizatçılarını İkinci Dünya müharibəsindən bəri ən böyük hərbi güclənmə prosesinə cəlb etmək təşəbbüsünün bir hissəsidir.

Takaiçi hökuməti mövcud sənaye təchizat zəncirlərindən istifadə etməklə Yaponiyanın təhlükəsizlik sahəsində transformasiyasını sürətləndirməyə çalışır. Bu addım nüvə silahına malik qonşular – Çin, Rusiya və Şimali Koreyadan qaynaqlanan təhdidlər fonunda müdafiə imkanlarının artırılmasına xidmət edir. Yaponiyanın yenidən silahlanma səylərini ölkənin əsas təhlükəsizlik tərəfdaşı olan ABŞ da dəstəkləyir. Vaşinqton müttəfiqlərini hərbi xərcləri artırmağa çağırır.

Hərbi istehsalın genişləndirilməsi bir vaxtlar dünya avtomobil sənayesinin liderlərindən olan Yaponiya üçün fəaliyyət sahələrini şaxələndirmək imkanı da yaradır. Yaponiya Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, ölkənin zavodlarında 2025-ci ildə on il əvvəllə müqayisədə təxminən 900 min avtomobil az istehsal olunub.

Reuters ilk dəfə olaraq avtomobil sənayesinin müdafiə sektoruna keçidinin ilkin mərhələləri və bu prosesə Müdafiə Nazirliyinin satınalmalarına nəzarət edən Təchizat, Texnologiya və Logistika Agentliyinin (ATLA) dəstəyi barədə məlumat yayıb. Agentlik Aster kimi təchizatçıları qiymətləndirir, onları silah istehsalçıları ilə əlaqələndirir və yeni maliyyələşdirmə imkanları təklif edir. Bu barədə agentliyin rəsmisi və dörd şirkət rəhbəri məlumat verib.

Baş nazir Sanae Takaiçinin kabinetinin müşaviri Koko Kato da sənayenin transformasiyasına istiqamət verilməsində rol oynayıb. O bildirib ki, müdafiə və avtomobil sənayesi arasında sinerji mövcuddursa, avtomobil istehsalçıları bu fürsətdən yararlanmalıdır. Kato Reuters-ə açıqlamasında avtomobil təchizatçılarının müdafiə və digər sahələrdə fəaliyyətini şaxələndirməsinə kömək edən ayrıca İqtisadiyyat Nazirliyi proqramında fevral ayında dəyişikliklərə nəzarət etdiyini deyib.

ATLA Reuters-in suallarına cavab olaraq bildirib ki, müdafiə sənayesinə daxil olmaq istəyən şirkətlər üçün əlaqələndirici qurum rolunu oynayır və yeni iştirakçıları təşviq etmək məqsədilə digər dövlət qurumları ilə əməkdaşlığı davam etdirəcək. Takaiçinin ofisi isə suallara cavab verməyib.

Takaiçi hökuməti ilin sonunadək yeni milli təhlükəsizlik strategiyasını təqdim etməyi və İkinci Dünya müharibəsində Yaponiyanın məğlubiyyətindən sonra ilkin mərhələdə ləğv edilmiş silah sənayesinin gücləndirilməsi üçün yol xəritəsi hazırlamağı vəd edib.

Plan Yaponiyanın istehsal gücü ənənələrinə əsaslanır. Avtomobil sənayesində son illərdə geriləmə müşahidə olunsa da, Yaponiya hələ də dünyanın üçüncü ən böyük avtomobil istehsalçısıdır. Ölkədə hər il 8 milyondan çox avtomobil istehsal olunur, bu sənaye iş yerlərinin hər onundan birini təmin edir və təxminən 70 min şirkət müxtəlif növ komponentlər hazırlayır.

Yaponiyada avtomobil sənayesi üzrə məsləhətçi, Stellantis Japan şirkətinin keçmiş baş direktoru Pontus Hagqstrom bildirib ki, dəqiq istehsal, elektronika və keyfiyyətə nəzarət kimi avtomobil istehsalında yüksək qiymətləndirilən bacarıqlar silah istehsalı üçün də əhəmiyyətlidir. Onun sözlərinə görə, bu sənaye mürəkkəb məhsulları etibarlı şəkildə və böyük həcmdə istehsal etməyi də bacarır.

Yerli istehsal imkanlarından istifadə zərurəti ABŞ silah istehsalçılarının Yaxın Şərq və Avropadakı münaqişələr nəticəsində azalan silah ehtiyatlarını bərpa etməkdə çətinlik çəkməsi fonunda daha da artıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2021-2025-ci illərdə ABŞ-ın silah ixracının təxminən onda biri Yaponiyaya yönəlib.

Avtomobil mühərrikləri üçün komponentlər istehsal edən Kyowa Industrial şirkətinin baş icraçı direktoru Hiroko Suzuki bildirib ki, müştərilər ənənəvi təchizatçılarının sifarişləri yerinə yetirmək üçün kifayət qədər istehsal gücünə malik olmadığını deyirlər. Şirkət əvvəllər də raketlərlə əlaqəli komponentlər istehsal etsə də, müdafiə sektorunun illik satışlardakı payı 2025-ci ilin yazında 3 faiz olduğu halda, hazırda 10 faizə yüksəlib. Kyowa son dövrlərdə prototip dron mühərrikləri üçün daha çox sifariş alır.

Bəzi avtomobil təchizatçıları ABŞ və Avropanın hərbi podratçılarına məhsul satmaq imkanlarını da nəzərdən keçirirlər. ATLA yaponiyalı təchizatçıları Qərb ölkələrindən olan potensial müştərilərlə əlaqələndirmək üçün Tokioda tədbirlər keçirir. Agentliyin məlumatına görə, sentyabrda təşkil olunan tədbirdə müxtəlif sahələri təmsil edən 48 Yaponiya şirkəti iştirak edib. Bu, ötən illə müqayisədə iki dəfə çoxdur.

ATLA oktyabr ayında yeni hərbi texnologiyaların hazırlanması və sınaqdan keçirilməsi üçün maliyyələşdirmə proqramına başlayıb. Agentlik bəzi avtomobil təchizatçılarını pilotsuz uçuş aparatları üçün komponentlər istehsal etməyə təşviq edir. Qurum prototip mərhələsinə çatan layihələrə milyonlarla dollar dəstək verməyə hazır olduğunu bildirib.

Gözlənilən milli təhlükəsizlik strategiyasında digər ölkələrdə müharibənin gedişinə təsir göstərən hücum və ələkeçirmə dronlarından ibarət donanmaların yaradılması planlarının əks olunacağı gözlənilir. Bununla belə, Yaponiyanın daxili pilotsuz uçuş aparatı istehsalı hələ də çox məhduddur. Tayvanın Demokratiya, Cəmiyyət və İnkişaf Etməkdə olan Texnologiyalar üzrə Araşdırma İnstitutunun topladığı ticarət məlumatlarına görə, Yaponiya ötən il cəmi 1 100-dən bir qədər çox dron ixrac edib. Qonşu Tayvanın xarici müştərilərə satdığı pilotsuz uçuş aparatlarının sayı isə təxminən 123 min olub.

Büdcə məhdudiyyətlərinin Tokionu bəzi mövcud raket və təyyarə sifarişlərinə yenidən baxmağa məcbur edəcəyi ehtimal olunur. Lakin Yaponiyanın pilotsuz uçuş aparatlarına ehtiyacı o qədər böyükdür ki, büdcə planları ilə tanış olan rəsminin sözlərinə görə, dronlarla bağlı xərclərin ayrıca qorunub saxlanılması gözlənilir.

Yaponiyanın Terra Drone şirkətinin baş icraçı direktoru Toru Tokuşige bildirib ki, ATLA rəsmiləri bu yaxınlarda onu yarış avtomobilləri üçün ehtiyat hissələri istehsal edən və kiçik benzin mühərrikli təyyarə mühərriki hazırlamış Kaaz şirkətinin nümayəndələri ilə tanış ediblər. Onun fikrincə, avtomobil təchizatçılarının bu sahəyə cəlb olunması Yaponiyanın dron istehsalı imkanlarını əhəmiyyətli dərəcədə artıra bilər. Kaaz nümayəndəsi isə ATLA ilə məsləhətləşmələr apardıqlarını və hərbi dronlar üçün mühərriklərin hazırlanması üzərində fəal işlədiklərini bildirib.

Sentyabrda ATLA-nın forumunda iştirak edən Ishikawa Energy Research adlı dron startapı da pilotsuz aparatlarının hərbi məqsədlərlə istifadəsi imkanlarını araşdırır. Şirkətin qurucusu Mitsuru İşikavanın Reuters-ə bildirdiyinə görə, onların dronlarından əsasən kənd təsərrüfatında, o cümlədən əkin sahələrinin dərmanlanmasında istifadə olunur. Honda şirkətinin keçmiş mühəndisi olan İşikava hesab edir ki, benzin mühərrikli dronları daha ağır hərbi avadanlıqları daşıya və geniş yayılmış akkumulyatorla işləyən modellərlə müqayisədə daha uzaq məsafələrdə kəşfiyyat apara bilər.

Gunma prefekturasının Ota şəhərində yerləşən şirkət artıq Subaru avtomobil istehsalçısını təmin edən geniş yerli təchizat zəncirindən yararlanır. Onun dronlarında istifadə olunan komponentlərin 50 faizdən çoxu avtomobil təchizatçıları tərəfindən hazırlanır. İşikava bu şirkətlərin onun hərbi planlarına etiraz edəcəyini düşünmür. Bunun səbəblərindən biri də idman avtomobilləri ilə daha çox tanınan Subaru şirkətinin artıq böyük müdafiə bölməsinə malik olmasıdır. Şirkət onilliklərdir Yaponiya Özünümüdafiə Qüvvələri üçün hücum helikopterləri də daxil olmaqla hərbi təyyarələr istehsal edir.

Subaru nümayəndəsi bildirib ki, şirkət müdafiə ilə bağlı tələbatın artacağını gözləyir və bu sahədəki biznes imkanlarından yararlanmaq niyyətindədir. Bununla belə, konkret proqnozlar açıqlanmayıb.

Hazırda avtomobil sənayesinin müdafiə sifarişlərinə yönəlməsi əsasən kiçik ehtiyat hissələri istehsalçıları ilə məhdudlaşır. Reuters-in danışdığı beş rəsmi və analitik bu barədə məlumat verib. Yaponiyanın üç böyük avtomobil istehsalçısı – Toyota, Honda və Nissan – müdafiə sektoruna keçidə ciddi maraq göstərməyib. Bu şirkətlərin Çində də mühüm biznes fəaliyyətləri var və Pekin Yaponiyanın silahlanmasını tənqid edir. Bundan başqa, avtomobil istehsalçıları müdafiə sənayesi ilə əlaqələndirilməyin reputasiyalarına zərər vuracağından uzun müddətdir ehtiyat edirlər.

Toyota şirkətinin yüksək vəzifəli rəhbəri Hiroyuki Ueda bu ayın əvvəlində maliyyə nəticələrinin açıqlanması zamanı şirkətin hazırkı əsas mövqeyinin müdafiə ilə əlaqəli heç bir fəaliyyətə qoşulmamaq olduğunu bildirib. Nissan mümkün müdafiə layihələri ilə bağlı şərh verməkdən imtina edib, Honda isə bu sektora daxil olmaq üçün konkret planlarının olmadığını açıqlayıb.

Bu tərəddüd avtomobil istehsalçılarının ən yaxın təchizatçılarına da təsir göstərir. Mitsubishi Electric şirkətinin maliyyə direktoru Keniçiro Fujimoto Reuters-ə bildirib ki, yeni hərbi dron layihəsində iştirak etmək üçün müraciət etdikləri bəzi avtomobil hissələri istehsalçıları təklifi qəbul etməyiblər. Adları açıqlanmayan həmin təchizatçılar əsas müştərilərini narazı salmaqdan ehtiyat ediblər.

Aster şirkətinin rəhbəri Honqo da Anduril şirkətinin onların mühərriklərindən istifadə etmək istədiyini 2025-ci ilin noyabrında Yaponiyanın şimalındakı Yokote şəhərində yerləşən fabrikdə təxminən 100 əməkdaşına elan edərkən bəzilərinin buna etiraz edə biləcəyindən narahat olub. Lakin 71 yaşlı rəhbərin sözlərinə görə, əməkdaşlar bu xəbəri böyük həvəslə qarşılayıblar və bunu təsirli nailiyyət kimi qiymətləndiriblər.

Honqo hesab edir ki, müdafiə sektorundakı kommersiya imkanları və Yaponiyanın təhlükəsizlik problemləri ilə bağlı ictimai narahatlığın artması daha çox şirkəti bu sahəyə cəlb edəcək. Onun sözlərinə görə, hazırda Yaponiyada bu məsələnin başqalarının problemi olduğunu düşünən insanların sayı çox azdır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu