"Chery" özünü idarə edən uçan avtomobilini təqdim etdi
Çində yerləşən avtomobil istehsalçısı "Chery" özünü idarə edən ilk uçan avtomobilini təqdim edib.
Son illərdə sektorda baş verən inkişaflarla birlikdə uçan avtomobillər səmada üzməyə getdikcə yaxınlaşaraq elmi fantastika dünyasını fəth edir. Xüsusilə Çin şirkətləri bu sahədə liderlik edir və yeni bir addım avtomobil nəhəngi "Chery"dən gəlib.
Şirkət oktyabrın 18-də keçirilən konfransda "Quru və Hava Vasitələri" adlı uçan avtomobil prototipini nümayiş etdirib.
Elektrikli avtomobil sükan çarxı və ya qaz pedalı olmadığı üçün fərqlənir. Hazırda inkişaf mərhələsində olan quru və hava nəqliyyat vasitəsi 80 kilometrlik sınaq uçuşunu uğurla başa vurub.
"Chery"nin avtonom uçuş və quruda sürmə rejimləri arasında keçid edə biləcəyini söylədiyi avtomobilin tıxacda sürücülərin köməyinə gələcəyi gözlənilir. Avtomobil uçuş rejimində olduqda, şaquli olaraq qalxır və enir.
Şirkətin əvvəlki açıqlamalarına görə, uçan avtomobil maksimum 1000 metr yüksəkliyə qalxa bilir. Maksimum saatda 120 kilometr sürətə çata bilən vasitənin uçuş müddəti təxminən 40 dəqiqədir.
Ekspertlər bu avtomobillərin bazara çıxarılacağı təqdirdə ciddi təhlükəsizlik qaydalarına ehtiyac olacağını vurğulayırlar. Aerokosmik mühəndislik sahəsində çalışan Pat Anderson deyir ki, uçan avtomobillərin qarşısındakı ən böyük maneələrdən biri iqtisadidir. O, hesab edir ki, bu avtomobillər varlı bir neçə nəfərə məxsus olacaq.
Təhlükəsizlik qaydalarına ehtiyac olduğunu vurğulayan ekspert bu vasitələrin qarşıdakı 10-20 ildən əvvəl geniş yayılacağını gözləmir.