Alibaba ABŞ-ı məhkəməyə verdi
Çinin qabaqcıl elektron ticarət və texnologiya şirkəti Alibaba ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) şirkəti Çin ordusu ilə əlaqəli olduğunu iddia etdiyi hərbi şirkətlər siyahısına daxil etməsindən sonra ABŞ hökumətinə qarşı iddia qaldırıb.
AFN.az xəbər verir ki, Kaliforniya Şimal Bölgəsi Məhkəməsində açılan iddiada Pentaqonun qərarının heç bir faktiki və hüquqi əsasının olmadığı müdafiə edilib.
İddia ərizəsində Alibabanın heç bir hərbi əlaqəsi olmayan müstəqil idarə heyəti tərəfindən idarə olunduğu, şirkətin məhsul və xidmətlərinin silah, müdafiə və ya kəşfiyyat məqsədli olmadığı, pərakəndə satış, loqistika və korporativ informasiya texnologiyaları sektorları üçün yaradıldığı vurğulanıb.
Şirkət müqavilələrinin, məhsul və xidmətlərin hərbi məqsədlərlə istifadəsini qadağan etdiyi bildirilən ərizədə Alibabanın hər hansı bir hərbi sertifikatı və ya lisenziyasının olmadığı, Çin Dövlət Aktivlərinə Nəzarət və Rəhbərlik Komissiyası (SASAC) ilə də heç bir əlaqəsinin olmadığı qeyd edilib.
Şirkət qərarın ləğv edilərək Alibabanın hərbi şirkətlər siyahısından çıxarılmasını tələb edib.
Pentaqon iyunun 8-də Çin ordusu ilə əlaqəsi olduğunu iddia etdiyi hərbi şirkətlər siyahısına ölkənin qabaqcıl texnologiya firması Alibaba ilə yanaşı elektromobil istehsalçısı BYD kimi Çin şirkətlərini də daxil etmişdi.
ABŞ qurumlarını Çin şirkətləri ilə işləməyin riskləri barədə xəbərdar etməyi hədəfləyən siyahı təkbaşına genişmiqyaslı sanksiyalar tətbiq etmir.
Sözügedən siyahıya aviasiya, yarımkeçiricilər, tikinti, rabitə, kompüter avadanlıqları və süni intellekt kimi müxtəlif sektorlardan 100-dən çox Çin şirkəti daxildir.

