"Apple" Çində süni intellekt xidmətləri üçün "Alibaba" ilə razılığa gəlib


"Apple" dünyanın ən böyük mobil telefon bazarlarından biri olan Çində süni intellekt xidmətləri təklif etmək üçün Çin texnologiya nəhəngi "Alibaba" ilə əməkdaşlıq edəcəyini açıqlayıb.



"Apple"ın Çin bazarında hansı şirkətlə əməkdaşlıq edəcəyi uzun müddətdir maraq doğururdu.

Dubayda keçirilən Dünya Hökumət Sammitində çıxış edən "Alibaba"nın İdarə Heyətinin sədri Joe Tsai “"Apple" bu məsələdə çox seçici idi. Onlar Çində bir çox şirkətlərlə görüşdülər və nəhayət bizimlə işləmək qərarına gəldilər. Onlar bizim süni intellekt texnologiyamızı öz telefonlarında istifadə etmək istəyirlər" deyib.

Bildirilir ki, "Apple" "Alibaba"nı seçməzdən əvvəl "Baidu", "ByteDance", "Tencent" və "DeepSeek" kimi digər Çin süni intellekt şirkətləri ilə də görüşüb. Lakin müqavilənin detalları ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Tənzimləyici məhdudiyyətlərə görə, "Apple" indiyədək yalnız ABŞ, Kanada, Böyük Britaniya və Avstraliya kimi məhdud bazarlarda öz süni intellekt xidmətini “Apple Intelligence” təklif edə bilmişdir. Çin hökuməti xarici süni intellekt şirkətlərindən yerli tərəfdaşla işləməyi və ölkədə fəaliyyət göstərmək üçün lazımi tənzimləyici təsdiqləri almağı tələb edir.

"Apple" Çin bazarında son illərdə "Huawei" və "Vivo" kimi yerli rəqiblərinə uduzur.

"Canalys" bazar araşdırması firmasının analitiki Lucas Zhong süni intellekt xidmətlərinin "Apple"a Çində üstünlük verə biləcəyini, lakin bunun tək başına kifayət olmaya biləcəyini söyləyib və "Huawei"in güclü geri dönüşü qarşısında "Apple"ın çətin rəqabət mühiti ilə üzləşəcəyini bildirib.

Qeyd edək ki, "Apple" illərdir Çində yüksək səviyyəli smartfon bazarında hökmranlıq edir. Bununla belə, "Huawei" son illərdə yüksəlib və ciddi rəqibə çevrilib.

"Huawei"in yüksəlişi Çindəki bəzi istehlakçılar arasında güclü milli əhval-ruhiyyə ilə dəstəklənib, şirkətin bazar payı 2024-cü ildə 16 faizə çataraq "Apple"ı (15 faiz) keçib. "Apple" 2023-cü ildə 19 faiz bazar payı ilə Çinin ən böyük telefon istehsalçısı idi.

"Apple" ilə müqavilə "Alibaba" investorlarının inamını artırıb. Şirkətin Honq-Konq Birjasında satılan səhmləri yanvar ayında son iki ilin minimumunu vurduqdan sonra 40 faizdən çox dəyər qazanıb.

Digər tərəfdən, Çinin süni intellekt sahəsində rəqabəti getdikcə şiddətlənir. Çin startapı "DeepSeek" tərəfindən hazırlanan süni intellekt modeli yanvar ayında "Wall Street"də böyük səs-küy yaratsa da, "Alibaba" qısa müddətdə "Qwen AI" modelinin yeni versiyasını təqdim edib və bu modelin rəqiblərindən üstün olduğunu iddia edib.

İlon Mask da eyni tədbirdəki video bağlantı vasitəsilə çıxışında xAI şirkətinin bir-iki həftə ərzində yeni böyük dil modeli "Grok 3"ü təqdim edəcəyini açıqlayıb. Mask iddia edib ki, yeni model bazarda mövcud olan bütün süni intellekt chatbotlarından üstündür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu