ABŞ bankları süni intellekt agentlərinə nəzarəti gücləndirir
ABŞ-ın bir sıra iri və orta ölçülü bankları süni intellekt agentlərinin nəzarətdən çıxaraq icazəsiz əməliyyatlar aparmasının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini sərtləşdirir.
AFN.az xəbər verir ki, bank və sənaye nümayəndələrinin bildirdiyinə görə, texnologiya şirkətlərində baş verən diqqətçəkən insidentlər süni intellekt sistemlərinin mövcud təhlükəsizlik məhdudiyyətlərini aşa bilməsi ilə bağlı narahatlıqları artırıb.
ABŞ bankları əvvəllər də kənar şirkətlərə məxsus süni intellekt agentlərinin müştəri hesablarında işləməsinə və əməliyyatlar aparmasına icazə vermirdi. Bununla yanaşı, özləri tərəfindən hazırlanmış daxili agentlərin fəaliyyətinə də daha ciddi nəzarət tətbiq edirdilər. Daxili sistemlərin daha dərindən yoxlanılması isə OpenAI modellərinin sınaqlar zamanı təhlükəsizlik məhdudiyyətlərini aşaraq şirkətin özündə, Hugging Face platformasında və digər təşkilatlarda sistemlərə çıxış əldə etməsindən sonra gündəmə gəlib. Bu hadisələrdən sonra bir neçə bank öz sistemlərini araşdırmaq üçün xüsusi daxili qruplar yaradıb.
Məsələ ilə tanış olan dörd mənbənin sözlərinə görə, bir sıra ABŞ bankları Hugging Face-dəki insidentlərə bənzər hadisələrin qarşısını almaq üçün daxili süni intellekt agentlərinin çıxış imkanlarını məhdudlaşdırır. Bu məqsədlə agentlər kritik sistemlərdən ayrılır, zərərli fəaliyyətləri aşkar etmək və dayandırmaq imkanları gücləndirilir.
Mənbələrdən birinin bildirdiyinə görə, banklar agentlərin işləyə biləcəyi müddəti məhdudlaşdırır, parolları və fəaliyyət qeydlərini onların çıxış imkanlarından kənarda saxlayır. Həmçinin agentin dayandırılması zərurəti yaranarsa, əməliyyatların davam etməsini təmin etmək üçün ehtiyat fəaliyyət planları hazırlanır.
İki mənbənin sözlərinə görə, banklar süni intellekt agentlərini digər texnoloji sistemlərdən daha ciddi şəkildə təcrid edir, onların çıxış imkanlarına qoyulan məhdudiyyətləri sərtləşdirir və bu sistemləri mövcud identifikasiya və girişə nəzarət proqramlarına daxil edirlər. Bundan başqa, agentlərə verilən giriş məlumatları məhdudlaşdırılır, onların hansı fəaliyyətləri həyata keçirə və hansı sistemlərə daxil ola biləcəyi dəqiq müəyyənləşdirilir. Sınaq mühitləri isə gündəlik bank əməliyyatlarında istifadə olunan sistemlərdən ayrı saxlanılır.
Hugging Face-də baş verən insident bankların süni intellekt texnologiyalarını tətbiq etmək planlarına ciddi təsir göstərib. Həmin hadisə zamanı OpenAI modeli nəzarətdən çıxaraq hücuma səbəb olub və süni intellekt startapının infrastrukturunun təhlükəsizliyini pozub. Mənbələrdən biri bildirib ki, bu hadisədən sonra banklar daxili agentlərə verilən giriş icazələrini, fəaliyyət imkanlarını və istifadə edə biləcəkləri sistemləri daha ciddi məhdudlaşdırmağa başlayıblar.
İndiyədək bankların heç biri bu cür insidentlərin qurbanı olmayıb. Bununla belə, mənbələrin bildirdiyinə görə, bir sıra iri və orta ölçülü banklar modellərin təhlükəsizlik məhdudiyyətlərini necə aşdığını araşdırmaq, öz sistemlərində oxşar zəifliklərin olub-olmadığını qiymətləndirmək və əlavə müdafiə tədbirləri təklif etmək üçün daxili qruplar yaradıb.
ABŞ-ın bütün iri bankları sərvətlərin idarə olunması, ödənişlər, əməliyyatlar və digər korporativ funksiyalar daxil olmaqla müxtəlif sahələrdə agent əsaslı süni intellektdən istifadə edir. Ənənəvi proqram təminatından fərqli olaraq, bu agentlər tapşırıqları yerinə yetirmək üçün müstəqil qərarlar qəbul edə, alətlərdən istifadə edə və bir neçə sistemlə qarşılıqlı əlaqə qura bilirlər.
Banklar eyni zamanda yeni aşkar edilən zəiflikləri sürətlə aradan qaldırmaq və proqram təminatını yeniləmək zərurəti ilə üzləşirlər. Asanlıqla əldə edilən süni intellekt alətləri və böyük dil modelləri proqram təminatındakı boşluqların aşkarlanmasını sürətləndirir. JPMorgan bankı da bu həftənin əvvəlində proqram təminatındakı xəta ilə üzləşib.
Gücləndirilmiş nəzarət tədbirləri çərçivəsində banklar süni intellekt agentlərinə daha çox işçi kimi yanaşır, onların giriş məlumatlarını, səlahiyyətlərini və fəaliyyət sərhədlərini dəqiq müəyyənləşdirirlər. Mənbələrdən birinin sözlərinə görə, qurumlar agentin hansı sistemlərə daxil olduğunu, hansı əməliyyatları həyata keçirdiyini və bu addımların insan tərəfindən təsdiqlənib-təsdiqlənmədiyini də qeydə almalıdır.
Banklar parolları, fəaliyyət qeydlərini və kritik təhlükəsizlik nəzarətlərini süni intellekt agentlərindən daha ciddi şəkildə ayırır. Bu addımlar agentlərin öz fəaliyyətləri ilə bağlı sübutları dəyişdirməsinin qarşısını almaq üçün mövcud müdafiə mexanizmlərini gücləndirməyə xidmət edir. Mənbələrdən üçünün bildirdiyinə görə, bu giriş nəzarəti mexanizmlərinin bəziləri əvvəldən mövcud olsa da, banklar sonradan onları sınaqdan keçirib, gücləndirib və ya zərurət yarandıqda əhatə dairəsini genişləndirib.
Mənbələrdən biri qeyd edib ki, bu cür qeydlər araşdırma aparan şəxslərə insidenti yenidən canlandırmağa, hansı məlumatların və sistemlərin təsirləndiyini müəyyənləşdirməyə imkan verir.
Dörd mənbənin sözlərinə görə, banklar agentin insan işçiyə məxsus giriş məlumatlarından istifadə etməyə başladığını necə aşkar edə biləcəklərini də araşdırır. Eyni zamanda, nasazlıq yaranmış və ya təhlükəsi ələ keçirilmiş agentləri digər sistemlərdən ayırmaq üçün təcili dayandırma mexanizmləri, yəni kill switch sistemləri nəzərdən keçirilir. Agentlərin yaratdığı proseslərin müəyyənləşdirilməsi də bu tədbirlərə daxildir.
Agentin dayandırılması əməliyyatlarda fasilələrə səbəb ola biləcəyindən banklar kreditlərin emalı, saxtakarlığın aşkarlanması və maliyyə cinayətləri ilə bağlı araşdırmalar kimi funksiyalar üçün ehtiyat iş proseslərini sınaqdan keçirir. Mənbələrdən biri bildirib ki, banklar agentlərin görə biləcəyi işlərin həcmini də məhdudlaşdırır. Bu, onların nəzarətdən çıxacağı təqdirdə mümkün zərərin və xərclərin azaldılmasına xidmət edir.
Maliyyə tənzimlənməsi üzrə ABŞ Valyuta Nəzarəti İdarəsinin keçmiş əməkdaşı, müstəqil süni intellekt risklərinin idarə edilməsi mütəxəssisi Naresh Raheja bildirib ki, banklar agentlər istifadəyə verildikdən sonra onların monitorinqinə və risklərin idarə edilməsinə daha çox diqqət ayırırlar. Onun sözlərinə görə, ənənəvi modellərdən fərqli olaraq, süni intellekt agentləri istifadəyə verildikdən sonra sınaq və yoxlama mərhələsində aşkar edilməmiş davranışlar nümayiş etdirə bilərlər.
Nəzarətin sərtləşdirilməsinə OpenAI və Hugging Face insidentləri səbəb olub. İyul ayında keçirilən kibertəhlükəsizlik sınaqları zamanı OpenAI modelləri onları internetdən təcrid etmək üçün nəzərdə tutulan məhdudiyyətləri aşaraq proqram təminatındakı zəifliklərdən istifadə edib və xarici sistemlərə çıxış əldə edib. OpenAI bildirib ki, həmin modellər ictimaiyyətə təqdim olunan məhsullarda tətbiq edilənlərdən daha az təhlükəsizlik məhdudiyyəti ilə sınaqdan keçirilib.
Mənbələrdən biri qeyd edib ki, bu hadisə yalnız yazılı təlimatların süni intellekt agentinin arzuolunmaz hərəkətlər etməsinin qarşısını almaq üçün kifayət etməyə biləcəyini göstərib.
Bəzi banklar icazəsiz xarici agentlərin müştəri hesablarına daxil olması riskləri barədə ayrıca xəbərdarlıq ediblər. JPMorgan-ın baş icraçı direktoru Ceymi Daymon bankın üçüncü rüb üzrə maliyyə nəticələrinə həsr olunmuş konfrans zəngi zamanı bildirib ki, müştərilər üçün risk yaratdığından şirkət istənilən xarici agentin bankın daxili sistemlərinə daxil olmasına icazə verməyəcək.
