Anthropic səhmləri üzrə opsion ticarəti güclü başladı
Süni intellekt şirkəti Anthropic-in birjada yeni istifadəyə verilən opsionları bazar ertəsi aktiv ticarətə səbəb olub.
AFN.az xəbər verir ki, şirkətin törəmə maliyyə alətləri bazarındakı ilk günü uğurlu başlasa da, ticarət həcmi bu ilin əvvəlində SpaceX opsionlarının debütü zamanı qeydə alınan rekord göstəricidən xeyli aşağı olub.
Opsion analitikası xidməti Mercury Alerts-in məlumatına görə, ABŞ-ın Şərq vaxtı ilə saat 15:00-dək (Qrinviç vaxtı ilə 20:00) Anthropic üzrə təxminən 500 min opsion müqaviləsi alınıb-satılıb. Bu göstərici şirkəti bazar ertəsi opsion bazarında ən çox ticarət edilən 20 şirkət sırasına daxil edib.
Opsionlar investorlara şirkət səhmlərinə nisbətən daha az xərc hesabına investisiya imkanı yaradır. Bu maliyyə alətlərindən həm risklərdən qorunmaq, həm də səhmlərin qiymətindəki dəyişikliklərdən gəlir əldə etməyə çalışmaq üçün istifadə olunur.
Mercury Alerts şirkətinin qurucusu Harmeet Goindi bildirib ki, Anthropic opsionları üzrə ilkin ticarət həcmi yüksək olsa da, alıcılar və satıcılar arasında tarazlıq müşahidə edilib. Onun sözlərinə görə, alqı-satqı zamanı opsionların qiymət artımına hesablanmış növləri ilə qiymət enişinə yönəlmiş növləri bərabər həcmdə dövriyyəyə daxil olub və bazarda aydın istiqamət üstünlüyü yaranmayıb.
Bununla belə, bazar ertəsi qeydə alınan ticarət həcmi iyun ayında SpaceX opsionlarının istifadəyə verildiyi ilk gün baş tutan 1,8 milyon müqaviləlik rekord göstəricidən xeyli aşağı olub.
Treydinq iştirakçılarının fikrincə, süni intellektlə əlaqəli səhmlərin də bahalaşmasına səbəb olan ümumi bazar yüksəlişi Anthropic opsionlarına marağın bir hissəsini özünə yönəltmiş ola bilər. Çikaqoda yerləşən Optiver şirkətinin treyderi Daniel Dolnik bildirib ki, Nvidia-nın baş direktoru Jensen Huangın vəzifəsinə qayıtması ilə bağlı xəbərlər investorların diqqətini Anthropic opsionlarından yayındırmış ola bilər.
Treyderlər həftəlik opsion müqavilələrinin hələ istifadəyə verilməməsinin də ticarət həcmini məhdudlaşdırdığını düşünürlər. Bu müqavilələrin yaxın günlərdə bazara çıxarılması gözlənilir və onlar xüsusilə fərdi investorlar arasında populyardır.
Interactive Brokers şirkətinin baş strateqi Stiv Sosnik bildirib ki, Anthropic opsionlarında SpaceX-in bazara ilk daxil olduğu günlərdə müşahidə edilən yüksək qiymət artımına hesablanmış müqavilələr üzrə spekulyativ aktivlik hələ görünmür. Onun fikrincə, bunun səbəblərindən biri Anthropic-in SpaceX rəhbəri İlon Maskın adı ilə əlaqələndirilən xüsusi ictimai maraq və həyəcan amilinə malik olmamasıdır.
Opsionların qiymətləri treyderlərin Anthropic səhmlərində ciddi gündəlik dəyişikliklər gözlədiyini göstərir. Harmeet Goindinin sözlərinə görə, mövcud opsion qiymətləri şirkət səhmlərinin gündəlik təxminən 6 faiz dəyişə biləcəyinə işarə edir.
Son məlumatlara görə, Anthropic səhmləri 3,6 faiz ucuzlaşaraq 85,68 dollara düşüb.
