Travmatologiya İnstitutunda densitometriya cihazı yoxdur?
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sümük sıxlığını ölçmək üçün zəruri tibbi avadanlığın olmadığı iddia edilir.
AFN.az xəbər verir ki, həkim-radioloq Aydın Əliyev sosial şəbəkə hesabında paylaşdığı açıqlamada institutda sümük densitometriyası (osteodensitometriya) cihazının olmadığını, yaxud varsa da, işləmədiyini bildirib.
Sümük sıxlığının ölçülməsi osteoporoz və osteopeniya kimi xəstəliklərin müəyyənləşdirilməsi, sümük toxumasının vəziyyətinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu müayinənin aparılması üçün xüsusi avadanlığın tələb olunduğunu nəzərə alsaq, məhz sümük-oynaq xəstəlikləri üzrə ixtisaslaşmış tibb müəssisəsində belə bir cihazın olmaması ciddi suallar doğurur.
Aydın Əliyev vəziyyəti kəskin tənqid edərək bunu öz sahəsində fəaliyyət göstərən mütəxəssisin ən vacib iş alətindən məhrum olması ilə müqayisə edib: “Biabırçılığın zirvəsi! Hər gün onlarla sümük-oynaq əməliyyatları edilən, yüzlərlə pasiyentin sümük xəstəliklərinə görə müraciət etdiyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sümük sıxlığını, osteoporoz və osteopeniyanı təyin etmək üçün Sümük Densitometriyası (Osteodensitometriya) cihazı yoxdur, ya da var, işləmir! Bu, bilirsiniz nəyə bənzəyir? Elə bil ki, məsələn, dərzidir, iynəsi yoxdur, bərbərdir, qayçısı yoxdur və s.”
Qeyd edək ki, Aydın Əliyevin səsləndirdiyi iddia ilə bağlı institutun mövqeyi hələlik məlum deyil.


