ABŞ-də məlumat mərkəzlərinin karbon emissiyası rekord həddə çatıb


ABŞ-də aparılan araşdırma ölkənin ən böyük 403 məlumat mərkəzinin bir il ərzində atmosferə buraxdığı karbon qazının kiçik bir Avropa ölkəsinin ümumi illik emissiyasından çox olduğunu üzə çıxarıb.

AFN.az xəbər verir ki, Harvard Universitetinin tədqiqatında 2024-cü ilin mayından 2025-ci ilin aprelinədək ABŞ-dəki ən böyük 403 məlumat mərkəzinin elektrik enerjisi istehlakı və karbon qazı emissiyası araşdırılıb.

Araşdırmaya əsasən, sözügedən məlumat mərkəzlərinin elektrik istehlakı nəticəsində yaranan karbon qazı emissiyasının təxminən 25,7 milyon metrik tona çatdığı hesablanıb.

Bu məlumat mərkəzlərinin ümumilikdə 82 teravatt-saat elektrik enerjisi istehlak etdiyi bildirilib. Bu həcm təxminən 7 milyon ev təsərrüfatının bir illik elektrik tələbatına bərabərdir.

Qeyd olunub ki, istifadə edilən elektrik enerjisinin yarıdan çoxu qlobal istiləşmənin əsas səbəbləri sırasında yer alan fosil yanacaqlardan əldə edilib.

Araşdırmanın müəlliflərindən olan Harvard Universitetinin biostatistika professoru Françeska Dominici hesablanmış emissiya həcminin əvvəlki tədqiqatlarda irəli sürülən təxminlərdən 2-3 dəfə çox olduğunu bildirib. Onun sözlərinə görə, bu göstərici Miçiqan ştatının və ya kiçik bir Avropa ölkəsinin ümumi karbon qazı emissiyasına bərabərdir.

Dominici ABŞ-də 2 min yeni məlumat mərkəzinin tikintisinin planlaşdırılmasının mövcud vəziyyəti gələcəkdə daha da narahatedici edəcəyini vurğulayıb. O, karbon emissiyalarına nəzarət məqsədinə nail olmaq istiqamətində geriləmə yaşandığını qeyd edib.

Məlumat mərkəzlərinin ətraf mühitə təsirini azaltmaq yollarından biri onların fəaliyyəti zamanı yaranan istiliyi toplayaraq yaxınlıqdakı yaşayış evləri və iş yerlərində istifadəyə verməkdir.

Danimarkanın mühəndislik və istehsal şirkəti Danfoss tullantı istiliyini dünyanın ən böyük istifadə olunmamış enerji mənbəyi adlandırıb. Şirkətin bildirdiyinə görə, bu istiliyin təkrar istifadəsi təbii qazı istilik mənbəyi kimi əvəz edə bilər.

Beynəlxalq Enerji Agentliyi məlumat mərkəzlərindən ayrılan istiliyin yaşayış evlərini istilik və isti su ilə təmin edən regional sistemlərə tam inteqrasiya olunacağı təqdirdə, 2030-cu ilə qədər Avropadakı evlərin təxminən 10 faizinin istilik tələbatının ödənilə biləcəyini proqnozlaşdırır.

Araşdırmanın nəticələri Nature jurnalında dərc olunub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu