BDU Gürcüstanın 5 universiteti ilə əməkdaşlığa başlayır
Tbilisidə I Gürcüstan-Azərbaycan Rektorlar Konfransı iki qonşu ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinə, elmi-tədqiqat əlaqələrinin dərinləşdirilməsinə və akademik inteqrasiyaya həsr olunub.
AFN.az xəbər verir ki, forum çərçivəsində Bakı Dövlət Universiteti (BDU) Gürcüstanın bir sıra aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq haqında memorandumlar imzalayıb. Bunlar İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti, Şota Rustaveli adına Batumi Dövlət Universiteti, Qori Dövlət Pedaqoji Universiteti və Vebster Universitetidir.
Əməkdaşlıq haqqında memorandumlarda tədris və elmi-tədqiqat fəaliyyəti üzrə ikitərəfli əlaqələrin qurulması, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, eyni zamanda, professor-müəllim heyətinin, tələbələrin və digər əməkdaşların mübadiləsinin reallaşdırılması əks olunub.
Qeyd edək ki, imzalanmış memorandumlar çərçivəsində tərəfdaş universitetlərin kitabxana materiallarına, tədqiqat nəşrlərinə və tədris resurslarına qarşılıqlı çıxış imkanları genişlənəcək, gələcək əməkdaşlıq strategiyasını müəyyənləşdirmək üçün xüsusi işçi qrupları fəaliyyət göstərəcək.


