Keniya məhkəməsi 191 nəfərin ölümünə görə təriqət liderini 200 il həbsə məhkum edib



Keniya məhkəməsi müridlərini ac qalmaqla cənnətə çatacaqlarına inandıran təriqət lideri Pol Makkenzini 191 nəfərin ölümünə görə 200 il müddətinə azadlıqdan məhrum edib. 

AFN.az xəbər verir ki, qurbanların 190-nın uşaq olduğu iş üzrə araşdırma zamanı onların böyük əksəriyyətinin aclıqdan öldüyü müəyyənləşdirilib.

Keniya ərazisində fəaliyyət göstərən Good News International Kilsəsinin qurucusu Pol Makkenzi müridlərini yemək yeməməyə məcbur edərək 191 nəfərin ölümünə səbəb olmaqda təqsirli bilinib. Mombasa Ali Məhkəməsində keçirilən prosesdə Makkenzi ilə yanaşı, 20-dən çox şəxs də cəzalandırılıb.

Makkenzi dünyanın 2023-cü ilin avqustunda sona çatacağını və cənnətə çatmaq istəyən müridlərinin oruc tutmalı olduğunu təbliğ edirdi. Təriqət lideri ardıcıllarını evlərini tərk edərək ölkənin şərqində yerləşən Şakahola meşəsində məskunlaşmağa inandırmışdı. O, burada aclıq çəkməyin onları Allaha yaxınlaşdıracağını və xilas edəcəyini deyirdi.

Məhkəmə 191 nəfərin ölümünə görə məsuliyyət daşıyan Makkenziyə aclıq nəticəsində ölənlərə görə 100 il, birbaşa qətl nəticəsində həyatını itirənlərə görə isə daha 100 il həbs cəzası verib. Hakim Diana Kavedza ölüm cəzasının təriqət üzvlərinin ölümlə İsaya qovuşacaqlarına dair inamını gücləndirə biləcəyini bildirərək bu cəzanı tətbiq etməyib.

Məhkəmənin müəyyən etdiyi faktlara görə, qurbanlardan 183-ü aclıqdan ölüb. Onlardan 182-si uşaq olub. Daha 8 uşaq isə boğulma, boğazlarının sıxılması və ya döyülmə nəticəsində həyatını itirib. Ölən 191 nəfərdən 161-nin 9 yaşında və ya daha kiçik olduğu açıqlanıb. Məhkəmə təriqət üzvlərinin hərəkətlərinə nəzarət edildiyini, oruc tutmaqdan imtina edənlərin buna məcbur edildiyini, uşaqların isə yemək yeməyə və ya qaçmağa cəhd göstərdikdə cəzalandırıldığını müəyyən edib.

Şakahola meşəsində kütləvi ölümlərlə bağlı istintaq çərçivəsində 2023-cü ilin aprelində başlanan qazıntılar zamanı indiyədək 400-dən çox insanın cəsədi aşkarlanıb. Məhkəmədə hökm çıxarılan şəxslər səbəbindən yaxınlarını itirən ailələr verilən cəzanın onların ağrısını azaltmağa kifayət etmədiyini bildirirlər. Rəsmilər aşkarlanan digər cəsədlərlə bağlı da yeni ittihamların irəli sürülə biləcəyini istisna etmirlər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu