UEFA FIFA turnirlərini boykot qərarından geri çəkilmədi



Avropa futbolunun ali qurumu UEFA FIFA-nın təşkil etdiyi turnirləri boykot etmək qərarından geri çəkilməyib və bunun üçün kifayət qədər dəyişiklik baş vermədiyini bildirib. 

AFN.az xəbər verir ki, UEFA FIFA prezidenti Canni İnfantinonun FIFA Forward Enterprise (FFE) vasitəsilə kişilər və qadınlar arasında keçirilən dünya çempionatları da daxil olmaqla turnirlərin kommersiya hüquqlarının paylarının satılması təşəbbüsünə əvvəldən sərt etiraz edib və boykot qərarını qüvvədə saxlayıb.

UEFA-nın yaydığı açıqlamada bildirilib ki, federasiyalar FIFA turnirlərində iştirak etməmək qərarının şərtlərini açıq şəkildə ortaya qoyub. Qeyd edilib ki, ilk növbədə əsas turnirlərin paylarının satılması ilə bağlı təklif tamamilə geri götürülməli, daha sonra isə futbolun bu şəkildə kommersiyalaşdırılmasına yönəlmiş oxşar təşəbbüslərin bir daha təkrarlanmayacağına dair təminat verilməlidir. UEFA vurğulayıb ki, bu şərtlər hələ də yerinə yetirilməyib.

Açıqlamada UEFA-nın FIFA prezidenti Canni İnfantinoya olan etimadını itirdiyi bir daha xatırladılıb. Bildirilib ki, çərşənbə günü FIFA prezidentinin bəzi əməkdaşlarının onun mövqeyini dəstəklədiyini açıqlaması UEFA-nın qərarını dəyişdirmir.

Əgər 5 sentyabrda Polşada başlayacaq 20 yaşadək qadınlar arasında dünya çempionatına qədər tərəflər arasında razılıq əldə olunmasa, həmin turnir UEFA-nın rəhbərliyi ilə boykot edilən ilk FIFA yarışı olacaq.

FIFA prezidenti Canni İnfantino yaranmış böhrandan sonra dünən Mərakeşin paytaxtı Rabatda qurumun yüksək səviyyəli rəhbərləri ilə fövqəladə iclas keçirib.

FIFA-nın açıqlamasında dünya çempionatlarının kommersiya və əməliyyat hüquqlarının satılmasını nəzərdə tutan təklifin tamamilə geri götürüldüyü, həmçinin buraxılan səhvlərlə əlaqədar FIFA Şurasının üzvlərinə və milli federasiyalara üzrxahlıq məktubu göndərildiyi bildirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu