UEFA Dünya Kubokunu boykot məsələsini müzakirə etmək üçün fövqəladə iclas keçirəcək



UEFA FIFA prezidenti Canni İnfantinonun Dünya Kubokunun özəlləşdirilməsi planına qarşı mümkün boykot variantını müzakirə etmək məqsədilə cümə axşamı fövqəladə iclas keçirəcək.

AFN.az xəbər verir ki, toplantıda həmçinin Avropa İttifaqı ilə birlikdə İnfantinonun layihəsinin rəqabət hüququnu pozub-pozmadığı və bundan sonra atılacaq addımlar müzakirə olunacaq.

FIFA-nın sözügedən planı Avropa futbol ictimaiyyətinin böyük hissəsində ciddi narazılıqla qarşılanıb və futbolun əsas maraqlı tərəfləri arasında geniş həmrəylik yaradıb.

İngiltərə Futbol Assosiasiyası (FA), Avropa Liqaları, Avropa Futbol Klubları, Avropa Klublar Assosiasiyası və azarkeş təşkilatları yaydıqları sərt bəyanatlarla qərarların şəffaf və düzgün prosedur əsasında qəbul edilməməsini pisləyiblər. Bəzi qurumlar isə futbol idarəçiliyinin ən yüksək səviyyəsində köklü dəyişikliklərin edilməsinə çağırıblar.

UEFA rəhbərliyi və milli federasiyaların nümayəndələri İnfantinonun planı birtərəfli qaydada hazırlamasından, eləcə də özəlləşdirmə təklifinin səsvermədən cəmi 53 gün əvvəl federasiyalara təqdim edilməsindən narazıdırlar. Təklifi dəstəkləyənlərə daha yüksək gəlir vəd edilməsi də tənqidlərin əsas mövzularından biridir.

Futbol idarəçiliyinin digər qurumları ilə məsləhətləşmələr aparılmadan belə qərarların necə qəbul edildiyi və JP Morgan maliyyə qurumunun mümkün tərəfdaş kimi hansı əsaslarla seçildiyi də geniş müzakirə olunur.

Artan narazılıq fonunda milli federasiyalar İnfantinonun planlarının qarşısını almaq üçün Dünya Kubokunun boykot edilməsi variantını təzyiq vasitəsi kimi gündəmə gətirməyə hazırlaşırlar.

FIFA-nın nizamnaməsinin 14.1b maddəsi üzv federasiyaların turnirlərdə iştirakını məcburi etsə də, federasiya mənbələri oxşar strategiyanın 2022-ci ildə Ukrayna müharibəsinin başlanğıcında da tətbiq olunduğunu xatırladıblar.

Həmin vaxt FIFA rəhbərliyi Rusiyanın Dünya Kubokunda iştirakını təmin etmək istəyirdi, lakin Avropa federasiyalarının boykot hədəsindən sonra bu niyyətdən geri çəkilmişdi.

UEFA eyni zamanda planın hüquqi yolla dayandırılması məqsədilə Avropa Komissiyası ilə təmaslarını davam etdirir. İdman məsələləri üzrə baş direktor Qlenn Mikallefin sərt açıqlamalarından sonra əsas hüquqi mübarizənin idman federasiyalarına verilən rəqabət hüququ istisnaları üzərində aparılacağı bildirilir.

Qeyd olunur ki, FIFA və UEFA kimi qurumlar idmanın ictimai maraqlarına xidmət etdikləri üçün müəyyən hüquqi güzəştlərdən yararlanırlar. Lakin idarəetmədə özəl kapitala keçid baş verərsə, bu imtiyazların ləğv oluna biləcəyi vurğulanır.

Kommersiyalaşdırma addımlarından sonra bu güzəştlərin ləğv edilməsi FIFA-nın Avropadakı kommersiya fəaliyyətini və əməliyyat imkanlarını məhdudlaşdıra bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu