FİFA 2030-cu il dünya çempionatını 64 komandaya çatdırmağı düşünür

FİFA kişilər arasında 2030-cu ildə keçiriləcək dünya çempionatında iştirak edəcək komandaların sayını 64-ə çatdırmağı düşünür. Əgər bu imkan reallaşarsa, FİFA-ya üzv olan 211 assosiasiyanın dörddə birindən çoxunun turnirdə iştirak etmək şansı olacaq.
Bu məsələ FİFA Şurasının çərşənbə günü keçirilən iclasında qaldırılıb. “New York Times”ın məlumatına görə, bu təkliflə çıxış edən şəxs Uruqvay Futbol Federasiyasının prezidenti İqnasio Alonso olub. Uruqvay 2030-cu il dünya çempionatında "yüzillik matçı"na ev sahibliyi edəcək Cənubi Amerika ölkələrindən biri olacaq. FİFA prezidenti Canni İnfantino təklifi dəyərləndirmək qərarına gəlib.
Mövzu ilə bağlı açıqlamasında FİFA sözçüsü "2030 FIFA Dünya Çempionatının 64 komanda ilə keçirilməsi təklifi 5 mart 2025-ci ildə keçirilən FİFA Şurasının iclasında kortəbii olaraq müxtəlif məsələlər başlığı altında gündəmə gətirildi. Şura üzvlərinin hər təklifini qiymətləndirmək FİFA-nın üzərinə düşür" deyib.
2016-cı ildə vəzifəyə gəldikdən sonra FİFA-nın turnirlərini genişləndirmək üçün addımlar atan İnfantino əvvəllər dünya çempionatının iki ildən bir keçirilməsini təklif etsə də, sonradan bu planı yarımçıq qoyub. 2026-cı ildə Meksika, Kanada və ABŞ-ın ev sahibliyi edəcəyi dünya çempionatında iştirakçıların sayı 32-dən 48-ə, qarşılaşmaların sayı isə 64-dən 104-ə yüksələcək.
2030-cu ildə keçiriləcək dünya çempionatına İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək. Bundan əlavə, Uruqvay, Argentina və Paraqvayda turnirin 100 illiyi ilə bağlı xüsusi oyunlar keçiriləcək. Bildirilir ki, komandaların sayı 64-ə çatdırılarsa, turnirin müddəti ən azı altı həftəyə qədər arta bilər və təşkilat ev sahibi ölkələr üçün böyük logistik problem yarada bilər. Həmçinin bildirilir ki, genişləndirilmiş turnir onun karbon izi ilə bağlı suallar doğuracaq.
Turnirin genişləndirilməsi planları müxtəlif qitələrdəki futbol federasiyalarının prioritetlərini də ortaya qoyur.
Cənubi Amerikada komandaların sayının artması seçmə mərhələlərin demək olar ki, tamamilə aradan qaldırılmasına səbəb ola bilər. Bu vəziyyət seçmə oyunlardan gəlir əldə edən federasiyalar üçün maliyyə çətinliyi yarada bilər. Digər tərəfdən, UEFA-ya üzv olan 55 ölkənin yarısının turnirdə iştirak etmə ehtimalı güclənə bilər.
Asiya, Afrika və Okeaniya qitələrində əlavə kvotaların müsbət qarşılanacağı gözlənilir. Format dəyişikliyi edilərsə, bir çox ölkələr tarixlərində ilk dəfə Dünya Kubokunda iştirak etmək şansı qazana bilər.