Aqrar sahədə güzəştlər azaldılır: yeni qaydalar


Dövlət Vergi Xidməti Vergi Məcəlləsinə bir sıra yeni dəyişikliklər təklif edir. Təkliflər arasında yerli aqrotexnika istehsalının stimullaşdırılması, ikinci əl avtomobil və təkrar mənzil satışında ƏDV-nin ticarət əlavəsi əsasında hesablanması, eləcə də digər vergi təşviqləri yer alır.

AFN.az-ın məlumatına görə, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı məlumat verib.

Onun sözlərinə görə, nağdsız əməliyyatlar üzrə ƏDV-nin 50 faizinin geri qaytarılması mexanizminin əhatə dairəsinin genişləndirilməsi, həmçinin səhiyyə və kənd təsərrüfatı da daxil olmaqla, bir sıra sahələrdə mövcud vergi güzəştlərinin müddətinin artırılması planlaşdırılır.

DVX rəisi bildirib ki, buğdanın idxalı və satışı, buğda unu və çörəyin, heyvan və quş ətinin, eləcə də yem və yem əlavələrinin satışına tətbiq edilən ƏDV azadolmalarının müddətinin daha 3 il uzadılması təklif olunur. Bu addımın əsas məqsədi sahibkarlara göstərilən vergi dəstəyinin davamlılığını qorumaqdır.

Orxan Nəzərli aqrar sektorda tətbiq edilən vergi güzəştlərinin mexanizmində nəzərdə tutulan dəyişikliyə də aydınlıq gətirib. O qeyd edib ki, uzun illər qüvvədə olan 100 faizlik tam vergi azadolması ləğv edilərək, 2027-ci il yanvarın 1-dən etibarən 5 il müddətinə 90 faizlik güzəşt tətbiq olunacaq. Beləliklə, kənd təsərrüfatı istehsalçılarının əldə etdiyi gəlir və ya mənfəətin yalnız 10 faizi ümumi qaydada vergiyə cəlb ediləcək.

Bununla yanaşı, müəyyən edilmiş şərtlərə əməl olunduğu halda, sadələşdirilmiş vergi üzrə tam azadolmanın daha 5 il qüvvədə saxlanılması nəzərdə tutulur.

Yeni qaydalara əsasən, kənd təsərrüfatı üzrə vergi güzəştlərindən yararlanmaq üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatda olmaq və həyata keçirilən əməliyyatları vergi hesabatlarında bəyan etmək tələb ediləcək.

Təkliflər paketində heyvandarlıq sektoru üçün də ayrıca güzəşt mexanizmi yer alıb. Belə ki, kökəltmə məqsədilə heyvanların idxalının 3 il müddətinə ƏDV-dən azad edilməsi təklif olunur.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu