Havana Vaşinqtonun yeni sanksiyalarına cavab verib
Kuba ABŞ-ın yeni sanksiyalarına və təzyiqlərinə baxmayaraq müstəqilliyini və suverenliyini qoruyacağını bəyan edib.
AFN.az TASS-a istinadən xəbər verir ki, ölkənin xarici işlər naziri Bruno Rodriges Parrilya Vaşinqtonun yeni məhdudiyyətlərinə münasibət bildirərkən ABŞ-ın Kubanı özünə tabe etdirmək cəhdlərinin yenə uğursuz olacağını deyib.
Nazir X sosial şəbəkəsindəki paylaşımında ABŞ hökumətini Kuba iqtisadiyyatını zəiflətməyə və ölkə əhalisinə mümkün qədər çox zərər vurmağa çalışmaqda ittiham edib. Onun sözlərinə görə, Havana bu cəhdlərə qarşı müstəqilliyini və suverenliyini müdafiə etməkdə davam edəcək.
Rodriges Parrilya bildirib ki, son 10 ay ərzində Kuba ABŞ-ın iqtisadi blokadasının görünməmiş dərəcədə sərtləşdirilməsi, faktiki olaraq dəniz blokadasına bərabər enerji embarqosu və Kuba ilə kommersiya əlaqələri saxlayan fiziki və hüquqi şəxslərə qarşı ikinci dərəcəli sanksiyalarla üzləşib. Nazir Vaşinqtonun iqtisadi təzyiq siyasətini kollektiv cəza həddinə çatdırdığını vurğulayıb.
Qeyd edək ki, ABŞ administrasiyası noyabrın 5-də Kubanın istehsal, texnologiya, elektronika və dənizçilik sektorları ilə əlaqəli fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ dövlət katibi Marko Rubio məhdudiyyətlərin Kuba elitasının nümayəndələrinə, neft daşımalarında iştirak etdiyi iddia olunan şəxslərə və Çində yerləşən Kuba təchizatçılarına yönəldiyini bildirib.
Yeni sanksiyalar səkkiz təşkilatı, iki fiziki şəxsi və beş gəmini əhatə edir.
