Kuba XİN: Suverenliyimizdən və müstəqilliyimizdən imtina etməyəcəyik
ABŞ-ın Kubaya qarşı yeni sanksiyaları Havana tərəfindən sərt şəkildə tənqid edilib.
AFN.az xəbər verir ki, bu barədə Kuba Xarici İşlər naziri Bruno Rodriges Parrilya X sosial şəbəkəsində paylaşım edib.
Nazir ABŞ dövlət katibi Marko Rubionun Kuba hakimiyyətinə və xalqına təzyiq göstərmək siyasətini tənqid edərək, Vaşinqtonun ölkəni öz iradəsinə tabe etdirmək cəhdinin uğursuzluğa məhkum olduğunu bildirib.
“Dövlət katibi yenidən maksimum iqtisadi boğma və Kuba xalqının kollektiv cəzalandırılması siyasəti çərçivəsində Kuba qurumlarını və vətəndaşlarını hədəfə alıb”, - deyə Rodriges Parrilya yazıb.
O, Kubanın təxminən 70 illik inqilab nəticəsində əldə etdiyi suverenlik və müstəqillikdən heç vaxt imtina etməyəcəyini vurğulayıb.
Qeyd edək ki, ABŞ sentyabrın 17-də Kuba ilə bağlı sanksiya siyahısını genişləndirib. Yeni məhdudiyyətlər səkkiz şirkət və üç fiziki şəxsi əhatə edib.
