İran ABŞ-nin birbaşa danışıqlar təklifini rədd edib
İran ABŞ-nin birbaşa danışıqlar təklifini qəbul etməyib.
AFN.az xəbər verir ki, İran Ali Kiberməkan Şurasının üzvü İzzətullah Zərğami Rusiya Prezidenti Vladimir Putinin Tehranla Vaşinqton arasında birbaşa danışıqların başlanması üçün vasitəçilik etməyi təklif etdiyini, lakin İranın bu təklifi qəbul etmədiyini bildirib.
İran dövlət televiziyasına danışan Zərğami Putinlə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzainin noyabrın 2-də keçirdikləri telefon danışığı barədə məlumat verib.
Zərğami ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun Putinlə görüşündə Vaşinqtonun İranla birbaşa danışıqlar masasına oturmaq istədiyini bildirərək Rusiyadan bu məsələdə vasitəçilik etməsini xahiş etdiyini deyib.
Uitkoffun ABŞ-ın artıq vasitəçilərə ehtiyac duymadığını və İranla birbaşa, üzbəüz danışıqlara üstünlük verdiyini Putinə çatdırdığını söyləyən Zərğami, bu müraciətdən sonra Putinin İrana iki nümayəndə göndərərək onların Rzai ilə görüşməsini təmin etdiyini və Tehran rəhbərliyindən ABŞ-la birbaşa danışıqlara müsbət cavab verməsini istədiyini bildirib.
İranlı rəsmi ABŞ-ın bu müraciətinin noyabrın 2-də Rzainin Putinlə telefon danışığı zamanı müzakirə edildiyini və Tehranın sözügedən təklifi rədd etdiyini qeyd edib.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Rzai bu gün Moskvada Putinlə görüşüb.
Tehran noyabrın 2-də Putinlə Rzai arasında baş tutan telefon danışığı və Rzainin bugünkü təmaslarının məzmunu ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
