Çin hərbi aviasiyası Tayvan ətrafında 21 uçuş həyata keçirib
Çinə məxsus hərbi təyyarələr suverenlik mübahisəsinin davam etdiyi Tayvan adası ətrafında 21 uçuş həyata keçirib.
AFN.az xəbər verir ki, Tayvan Müdafiə Nazirliyinin sosial media hesabında yayılan açıqlamada bombardmançı və dəstək təyyarələri, qırıcılar, eləcə də helikopterin daxil olduğu hərbi hava vasitələrinin ötən gündən bu səhər saatlarınadək ada ətrafında 21 uçuş həyata keçirdiyinin müəyyən edildiyi bildirilib.
Açıqlamada uçuşlardan 19-nun Tayvan boğazında tərəflərin təsir dairələrini ayırdığı qəbul edilən orta xətti keçdiyi və Tayvanın Hava Hücumundan Müdafiə Tanınma Zonası (ADIZ) elan etdiyi ərazinin şimal, mərkəzi, cənub-qərb və şərq hissələrində həyata keçirildiyi qeyd olunub.
Çinə məxsus 8 hərbi gəmi və 8 rəsmi gəminin də ada ətrafında hərəkət etdiyi bildirilən açıqlamada Tayvan ordusunun vəziyyəti izlədiyi, patrul təyyarələri, hərbi gəmilər və sahil raket sistemlərini işə salmaqla cavab verdiyi ifadə olunub.
Çinin öz ərazisinin bir hissəsi hesab etdiyi Tayvan 1949-cu ildən bəri faktiki müstəqilliyə malikdir. Çin materiki ilə Tayvan arasında vətəndaş müharibəsindən sonra yaranan ayrılıq və suverenlik mübahisəsi davam edir.
Son illərdə Tayvan üzərində hərbi təzyiqi artıran Pekin rəhbərliyi adanın materiklə yenidən birləşdirilməsi üçün zərurət yaranarsa, güc tətbiq edə biləcəyini vurğulayır. Tayvanın da buna cavab olaraq hərbi xərclərini artırdığı və ABŞ-dən aldığı yeni silah sistemləri ilə müdafiə imkanlarını gücləndirməyə çalışdığı müşahidə olunur.

