Britaniya parlamenti binası yanğın və dağılma riski ilə üzləşib



Britaniya Parlamentinin İctimai Hesablar Komitəsi parlament binası olan Vestminster Sarayının Fransadakı Notr-Dam kilsəsi kimi yanmaq, tədricən dağılmaq və qaranlığa qərq olmaq riski ilə üzləşdiyini açıqlayıb.

AFN.az xəbər verir ki, komitə dərc etdiyi hesabatda tarixi Vestminster Sarayının vəziyyətini və onun üzləşdiyi riskləri təhlil edib.

Hesabata görə, bərpa və yenilənmə layihələri davamlı olaraq təxirə salınan bina gecikmələr davam etdikcə tədricən dağılma təhlükəsi ilə üzləşir.

1512-ci ildən parlamentə ev sahibliyi edən və 1870-ci ildə indiki görünüşünü alan sarayın üzləşdiyi digər risk isə Fransanın məşhur Notr-Dam kilsəsində olduğu kimi yanğın nəticəsində ciddi zərər görməsidir.

Hesabatda qeyd olunub ki, təxirəsalmalar davam etdikcə dövlət büdcəsinə 1,5-2 milyon funt sterlinqə başa gəlməsi gözlənilən bərpa işlərinin hər il əlavə 420 milyon funt sterlinq xərc yaradacağı proqnozlaşdırılır.

Komitənin hesabatında binada elektrik enerjisinin kəsilməsi, hətta Kral Çarlzın iştirak edəcəyi yeni qanunvericilik ilinin açılış mərasimində sarayın qaranlığa qərq olması riskinin də olduğu vurğulanıb.

Komitə əvvəllər dörddən ikiyə endirilmiş bərpa variantlarının xərclərini də açıqlayıb. Hesabatda birinci varianta əsasən, tam bərpa işlərinin 24 il davam edəcəyi və ümumilikdə 15,6 milyard funt sterlinqə başa gələcəyi bildirilib.

İkinci variantın isə mərhələli bərpa işlərini əhatə etdiyi qeyd olunub. Hesabata görə, bu işlər 60 ildən çox davam edəcək və ölkəyə təxminən 40 milyard funt sterlinqə başa gələcək.

Parlamentin fəaliyyətinin davam etdirilməsi üçün ofislərin, İcmalar Palatasının və Lordlar Palatasının müvəqqəti məkanlara köçürülməsinin isə 3 milyard funt sterlinqə başa gələcəyi bildirilib.

Komitə parlamentin boşaldılması üçün nəzərdə tutulan 2032-ci ilədək müvəqqəti iş məkanlarının hazır olmaması riskinin də mövcud olduğunu qeyd edib.

Komitənin sədri Cefri Klifton-Braun “Sky News”a açıqlamasında bildirib ki, tədbir görülməməsi qanunvericilik ilinin açılış mərasimində Lordlar Palatasının qaranlığa qərq olması riskini yaradır. O, Notr-Dam yanğınında olduğu kimi alovların damdan yüksəlməsinin bütün dünyada xəbərlərə necə çıxacağını, milli irsin dağılmasını, daha da pisi isə insanların həlak olması və xəsarət alması ehtimalını nəzərə almağa çağırıb.

Klifton-Braun bunun sadəcə ehtimal olmadığını, getdikcə artan real riskə çevrildiyini də əlavə edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu