Fransada qan saxlama müəssisələrinə kiberhücum edilib
Fransada qan bankının saxlama müəssisələrində istifadə olunan soyutma sisteminə kiberhücum edildiyi məlum olub.
AFN.az xəbər verir ki, milli mətbuatda yayılan məlumatlara görə, noyabrın 1-dən 2-nə keçən gecə Fransanın Burqundiya-Franş-Konte bölgəsində Fransa Qan İnstitutunun (EFS) saxlama müəssisələrində istifadə olunan soyutma sisteminə kiberhücum edilib. Hakerlər qan nümunələrinin saxlandığı müxtəlif müəssisələrdə temperatur göstəricilərini mənfi 30 dərəcədən 110 dərəcəyədək yüksəldiblər.
Texniklərdən biri temperaturun qeyri-adi şəkildə yüksəldiyini qısa müddətdə aşkar edib.
Fransa Səhiyyə Nazirliyi vəziyyətin vaxtında müəyyən edilməsi sayəsində hadisənin əməliyyat fəaliyyətinə heç bir təsir göstərmədiyini bildirib. Kiberhücumun arxasında kimin dayandığı hələ məlum deyil.
Fransa Qan İnstitutunun rəhbəri Frederik Paku bildirib ki, məhsulların təhlükəsizliyi pozulmayıb. O qeyd edib ki, xəstələrin müalicəsində istifadə olunacaq nümunələri və ya plazma torbalarını itirə bilərdilər.
