Aİ vətəndaşlara çağırış etdi: Böhran zamanı ilk 72 saata hazır olun
Avropa İttifaqı (Aİ) Komissiyası vətəndaşların böhran vəziyyətində ilk üç gün ərzində əsas ehtiyaclarını özlərinin qarşılaması, hazırlıq təlimlərinin keçirilməsi və etibarlı məlumat əldə etmələrinin təmin olunması kimi tövsiyələri əhatə edən yeni fövqəladə hallar üzrə bələdçi dərc edib.
AFN.az xəbər verir ki, Aİ Komissiyasının açıqlamasında Avropanın daha tez-tez mürəkkəb böhranlarla üzləşdiyi, buna görə də qitəni daha dayanıqlı edəcək konkret tədbirlərin həyata keçirildiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, Aİ Komissiyasının Bərabərlik, Hazırlıq və Böhranların İdarə Edilməsi üzrə üzvü Haca Ləhib Brüsseldə keçirilən 9-cu Avropa Mülki Müdafiə Forumunda vətəndaşların fövqəladə vəziyyətlərə hazır olması üçün hazırlanmış yeni bələdçini təqdim edib.
Yeni bələdçidə dövlət yardımı səfərbər edilənədək keçəcəyi ehtimal olunan ilk üç gün ərzində vətəndaşların əsas ehtiyaclarını özlərinin qarşılaması üçün tədbirlər görülməsi tövsiyə olunur.
Həmçinin fövqəladə vəziyyətlərə hazırlıq mövzusunun məktəbəqədər və ibtidai təhsil proqramlarına daxil edilməsi, təhsil işçiləri üçün məlumatlandırma tədbirlərinin keçirilməsi, əlilliyi olan şəxslərin də əhatə olunduğu daha inklüziv hazırlıq tədbirlərinin hazırlanması nəzərdə tutulur.
Təlimatlar arasında səlahiyyətli qurumların fövqəladə vəziyyətlərdən əvvəl, həmin vaxt və sonra vətəndaşlara etibarlı məlumat ötürməsinin təmin edilməsi də yer alır.
Avropa üzrə fövqəladə vəziyyətlərə hazırlığın ümumi prioritetə çevrilməsi məqsədilə 2027-ci ildən başlayaraq hər il oktyabrın 23-də “Aİ Hazırlıq Günü”nün təsis edilməsi də təklif olunur.
