Səbinə Əliyeva yenidən Ombudsman seçildi
Milli Məclis Səbinə Əliyevanı yenidən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə seçib.
AFN.az xəbər verir ki, bu gün parlamentin plenar iclasında Ombudsman vəzifəsinə irəli sürülmüş namizədlərin məsələsi müzakirə olunub və səsvermə keçirilib.
Səsvermənin nəticələrinə əsasən, Səbinə Əliyeva 100 deputatın dəstəyini qazanaraq yenidən bu vəzifəyə layiq görülüb. Digər namizədlərdən Ceyhun Qaracayev 13, Elşanə Vəliyeva isə 8 səs toplayıb.
Seçkidən sonra Milli Məclisdə and içən Səbinə Əliyeva Prezident İlham Əliyevə və deputatlara göstərdikləri etimada görə təşəkkür edib.
Xatırladaq ki, Ombudsman vəzifəsinə üç namizədin irəli sürülməsi barədə sənəd Prezident İlham Əliyev tərəfindən parlamentə təqdim olunmuşdu. Namizədlər hazırkı müvəkkil Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyeva idi.
Qanunvericiliyə əsasən, Ombudsman 7 il müddətinə seçilir və eyni şəxs bu vəzifəni iki dəfədən artıq tuta bilməz. Səbinə Əliyeva ilk dəfə 29 noyabr 2019-cu ildə Ombudsman seçilmişdi.




