Aİ qışa 2013-cü ildən bəri ən aşağı qaz ehtiyatı ilə girir
Qlobal təbii qaz təchizatının təhlükəsizliyi ilə bağlı risklər davam edərkən, Avropa İttifaqı (Aİ) qış mövsümünə 2013-cü ildən bəri qeydə alınan ən aşağı təbii qaz ehtiyatı səviyyəsi ilə daxil olur.
AFN.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) bu gün dərc olunan Qlobal Qaz Təchizatının Təhlükəsizliyi üzrə Qiymətləndirmə hesabatında son 10 ildə baş verən struktur dəyişikliklərin qlobal qaz bazarlarını necə yenidən formalaşdırdığı və bəzi regionlardakı idxalçı ölkələrə Yaxın Şərqdəki müharibədən sonra yaranan təchizat şokunu aradan qaldırmaqda necə kömək etdiyi araşdırılıb.
Hesabata görə, bu hesabatın ilk dəfə dərc olunduğu 2016-cı ildən bəri qlobal qaz bazarı daha çevik, likvid və bir-biri ilə inteqrasiya olunmuş hala gələrək əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Bununla yanaşı, bazar daha mürəkkəb struktura sahib olub.
Spot bazar əməliyyatlarının geniş yayılması və çatdırılma məntəqəsinin dəyişdirilə bildiyi mayeləşdirilmiş təbii qaz (LNG) müqavilələrinin payının artması regional bazarlar arasında inteqrasiyanı gücləndirib və təchizatın dayandırılmasına qarşı dayanıqlılığı artırıb.
Buna baxmayaraq, Hörmüz boğazı üzərindən LNG axınının faktiki olaraq dayanması Asiya və Avropada təbii qaz qiymətlərini 2022-2023-cü illərdəki qaz təchizatı böhranından bəri ən yüksək səviyyəyə çatdırıb. Hörmüz boğazı üzərindən LNG axınının kəsilməsi mart-oktyabr dövründə Qətər və Birləşmiş Ərəb Əmirliklərindən LNG yükləmələrinin 60 milyard kubmetrdən çox azalmasına səbəb olub.
Bu il qlobal LNG təchizatının ümumilikdə təxminən 3 faiz (20 milyard kubmetr) azalacağı proqnozlaşdırılır.
Qlobal təbii qaz tələbatının isə 1,5 faiz (65 milyard kubmetr) azalacağı gözlənilir. Bu azalmaya Yaxın Şərqdə tələbatın ödənilməməsi səbəbindən yaranan daralmanın, Avropada sənaye sektorunun qaz istehlakının azalmasının və Asiyanın bir sıra ölkələrində elektrik enerjisi istehsalında təbii qazdan kömürə keçidin təsir göstərəcəyi ehtimal edilir.
Qlobal təbii qaz təchizatının təhlükəsizliyinə dair risklər davam edərkən, Aİ-də qaz anbarları 2026-2027-ci illərin qış mövsümünə 2013-cü ildən bəri qeydə alınan ən aşağı ehtiyat səviyyəsi ilə daxil olur. Hazırda Aİ-də qaz anbarlarının doluluq səviyyəsi 74,6 faiz təşkil edir.
Bu vəziyyətin mövsümi tələbatın pik həddə çatdığı dövrlərdə regionun ehtiyaclarını ödəmək üçün qlobal LNG təchizatından asılılığını daha da artıracağı proqnozlaşdırılır. Qışın gözləniləndən daha soyuq keçməsi, texniki nasazlıqların baş verməsi və ya digər təchizat fasilələrinin yaranması halında Avropa bu hadisələr qarşısında xüsusilə həssas vəziyyətdə qala bilər.
IEA-nın simulyasiyaları göstərir ki, hava şəraiti mövsümi normalardan daha soyuq keçərsə və Hörmüz boğazı üzərindən LNG axınındakı fasilə davam edərsə, Aİ-də təbii qaz anbarlarında olan qazın həcmi 2027-ci ilin mart ayının sonunadək istifadə edilə bilən saxlama tutumunun 10 faizindən aşağı düşə bilər.
Anbarların doluluq səviyyəsi istifadə edilə bilən tutumun 30 faizindən aşağı düşdükdə, anbarlardan qazın çıxarılma sürəti adətən azalmağa başlayır.
Avropada təbii qaz ehtiyatlarının aşağı səviyyədə olması Asiya və Cənubi Amerikadakı LNG idxalçısı ölkələrin məhdud saxlama imkanları ilə birləşdikdə, qarşıdakı aylarda sayı məhdud olan çevik LNG yükləri uğrunda rəqabəti gücləndirə və xüsusilə tələbatın yüksək olduğu dövrlərdə spot qiymətlərə yuxarı istiqamətdə təzyiq göstərə bilər.
Anbarlarda ehtiyatların aşağı olması 2027-ci ilin yayı boyunca anbarlara yenidən qaz vurulması ehtiyacını əhəmiyyətli dərəcədə artırmaq və bazardakı təchizat sıxıntısının növbəti ilə keçməsi riskini də yaradır.
