Avropada qaz qiymətləri rekord vurdu: 35,5% artım



ABŞ və İsrailin İrana qarşı birgə hücumlarından sonra qlobal enerji təchizatı ilə bağlı narahatlıqların artması nəticəsində Avropada qaz qiymətləri günü 35,5 faiz bahalaşma ilə yekunlaşdırıb.

AFN.az xəbər verir ki, ABŞ və İsrailin həftəsonu İrana qarşı başlatdığı birgə hücumlardan sonra qlobal enerji təchizatı üçün kritik əhəmiyyət kəsb edən Hörmüz boğazından tanker keçidləri kəskin şəkildə azalıb. Dünyadakı mayeləşdirilmiş təbii qaz (LNG) ixracının təxminən 20 faizinin həyata keçirildiyi bu strateji keçiddəki fasilələr başda Avropa olmaqla təbii qaz qiymətlərində yuxarıya doğru təzyiq yaradıb.

İrandan buraxılan pilotsuz uçuş aparatlarından (PUA) birinin Qətərin Ras Laffan Sənaye Şəhərində "Qatar Energy" şirkətinə məxsus LNG istehsal müəssisəsini hədəf almasından sonra şirkətin buradakı istehsalı dayandırması da qiymətlərin kəskin artmasında təsirli olub.

Avropanın ən dərin qaz ticarət mərkəzi hesab edilən Niderlandın TTF qovşağında aprel ayı üçün fyuçers müqavilələrində qazın bir meqavat-saatının qiyməti Bakı vaxtı ilə saat 21:00 radələrində 43,3 avro ilə qapanıb. Beləliklə, hücumlardan sonra bazarların açıq olduğu ilk gündə Avropada qaz qiymətləri fevralın 27-dəki əvvəlki qapanış səviyyəsi ilə müqayisədə 35,5 faiz yüksəlib.

Qeyd edək ki, qiymətlər gün ərzində 48,8 avroya qədər yüksəlmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu