Avropada qaz qiymətləri 4 faiz bahalaşdı

Avropada təbii qaz qiymətləri İsrailin İrana hücum etməsindən sonra günə 4 faizlik artımla başlayıb. Bu, son 5 həftə ərzində qeydə alınan ən yüksək qiymət artımı olub.
Qitənin ən likvid qaz ticarət məntəqəsi olan Niderland mərkəzli TTF-də (Title Transfer Facility) iyul ayı üzrə müqavilələrdə qazın bir meqavatsaatı dünən 36,2 avroya bağlanıb. Bu gün isə ticarətə 37,7 avrodan start verilib.
Bakı vaxtı ilə saat 12:00-da qiymətlər 37,4 avro səviyyəsində sabitləşib.
Yaxın Şərqdə – qlobal enerji təchizatı üçün strateji əhəmiyyətə malik bölgədə artan gərginlik və daha genişmiqyaslı müharibə ehtimalı bazarlarda narahatlıqları artırıb. Bu isə Avropada qaz qiymətlərinin kəskin bahalaşmasına səbəb olub.
Xüsusilə mayeləşdirilmiş təbii qaz (LNG) və neft tədarükü baxımından həyati əhəmiyyət daşıyan Hörmüz boğazı üzərindən daşımaların ləngiyə və gəmilərin alternativ marşrutlara yönələ biləcəyi ilə bağlı narahatlıqlar da qiymət artımını sürətləndirib.
Rusiyadan qaz tədarükünün böyük hissəsini itirən Avropa üçün LNG-nin əhəmiyyəti daha da artıb. Bu səbəbdən bölgədəki hərbi-siyasi risklər Avropanın enerji bazarlarında həssaslığı gücləndirir.