Çexiyada minlərlə media əməkdaşı etiraz aksiyasına başlayıb
Çexiyada İctimai Televiziya və İctimai Radionun əməkdaşları hakimiyyətin bu qurumların maliyyələşmə sistemini dəyişdirmək planlarına etiraz olaraq tətilə başlayıblar.
AFN.az xəbər verir ki, yerli KİV-in məlumatına görə, noyabrın 3-də Çexiya Televiziyası və Çexiya Radiosunda xəbər proqramlarının həcmi azaldılacaq, informasiya-publisistik verilişlərin yerini isə musiqi proqramları tutacaq. Televiziyanın aparıcıları efirə əvvəlcədən hazırlanmış mətnləri vərəqdən oxuyaraq çıxacaqlar.
Tətilə və hər iki qurumun həmkarlar ittifaqlarına dəstək verməyə “İctimai yayımın müdafiəsi” təşəbbüs qrupu çağırış edib. Çexiya Radiosunun mətbuat xidmətinin nümayəndəsi Nataliya Lorentsovanın bildirdiyinə görə, aksiyada qurumun 1340 ştatlı və ştatdankənar əməkdaşı iştirak etməyi planlaşdırır. Universitet tələbələri də etiraz aksiyasına dəstək verəcəklər.
Çexiya Televiziyası və Radiosunun maliyyələşmə sisteminin dəyişdirilməsinə parlament müxalifətində təmsil olunan liberal partiyalar, mədəniyyət xadimləri və katolik kilsəsinin yerli nümayəndələri qarşı çıxıblar. Oktyabrın sonunda ölkənin müxtəlif şəhərlərində mövcud maliyyələşmə qaydasının qorunması tələbi ilə minlərlə insanın iştirak etdiyi mitinqlər keçirilib. Avropa Jurnalistlər Federasiyası (EFJ) və Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) da ictimai televiziya və radio əməkdaşlarına dəstək ifadə edib.
Çexiyanın baş naziri Andrey Babiş müxalifəti cəmiyyətdə gərginliyi artırmamağa çağırıb. O bildirib ki, müstəqil media uğrunda heç bir müharibə getmir, demokratiya uğrunda mübarizə aparılmır və KİV-in milliləşdirilməsi də nəzərdə tutulmur.
Etirazların təşkilatçıları noyabrın 15-də Çexiya Televiziyası və Radiosuna dəstək məqsədilə kütləvi mitinq keçirəcəklərini də açıqlayıblar. Aksiya Praqanın mərkəzinə yaxın Letna meydanında baş tutacaq.
