ABŞ məhkəməsi Tramp administrasiyasının Harvard-a qarşı iddiasını rədd edib
Massaçusets ştatının Boston şəhərindəki Federal Dairə Məhkəməsinin hakimi Myon Joun Ədliyyə Nazirliyinin Harvard Universitetinə qarşı qaldırdığı iddianı dünən prosessual əsaslarla rədd edib.
AFN.az CNN-ə istinadən xəbər verir ki, ABŞ-da federal məhkəmə Donald Tramp administrasiyasının Harvard Universitetində tələbə qəbul prosesində irqi ayrı-seçkiliyə yol verilib-verilmədiyinin araşdırılması üçün əvvəlki illərə aid müraciətlərin yoxlanılmasını tələb etdiyi iddianı rədd edib.
Hakim Joun iddia qaldırılmadan əvvəl qanunla tələb olunan addımların atılmadığını vurğulayıb. ABŞ mətbuatında Ədliyyə Nazirliyinin əlavə inzibati prosedurları yerinə yetirməsi halında iddianın yenidən qaldırıla biləcəyi bildirilib.
Harvardın vəkilləri isə iddianın universitetin idarəetmə strukturunu, işə qəbul təcrübələrini və akademik proqramlarını Donald Tramp administrasiyasının tələblərinə uyğun dəyişdirmək təkliflərini rədd etməsi səbəbindən məqsədli şəkildə qaldırıldığını iddia ediblər.
Vəkillər iddianın Trampın fevralın əvvəlində danışıqları dayandırdığını və Harvard-dan 1 milyard dollar təzminat tələb etdiyini açıqlamasından sonra qaldırıldığına diqqət çəkiblər.
Harvard-ın yazılı açıqlamasında da Ədliyyə Nazirliyinin universitetin tələbləri könüllü şəkildə yerinə yetirməsini təmin etmək üçün qanunla zəruri sayılan addımları atmadan iddia qaldırdığı bildirilib.
Açıqlamada tələb olunan qeydlərin minlərlə orta məktəb şagirdinə aid həssas məlumatları ehtiva etdiyi qeyd olunub.
ABŞ Ədliyyə Nazirliyi fevral ayında Harvard Universitetinə qarşı tələbə qəbul prosesində irqi ayrı-seçkiliyə yol verilib-verilmədiyini araşdırmaq üçün tələb olunan məlumatları paylaşmadığına görə iddia qaldırmışdı.
Federal hökumət aralarında Harvardın da olduğu bir çox universiteti, əsasən Fələstinə dəstək məqsədilə təşkil edilən kampus etirazlarını, eləcə də müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarını əsas gətirərək federal maliyyələşməni dayandırmaqla hədələmişdi.
Bu prosesdə Ədliyyə Nazirliyi, Səhiyyə və İnsan Xidmətləri Nazirliyi, Təhsil Nazirliyi və Ümumi Xidmətlər Administrasiyasının (GSA) iştirakı ilə “Antisemitizmlə Mübarizə üzrə İşçi Qrupu” yaradılmışdı.
Federal hökumət Harvard-a ayrılmış 2,2 milyard dollarlıq maliyyələşmənin və 60 milyon dollarlıq müqavilə vəsaitinin dondurulmasına qərar vermişdi. Universitet isə Tramp administrasiyasının maliyyələşməni dondurmasının qanunsuz olduğunu bildirərək bunun qarşısını almaq üçün məhkəməyə müraciət etmişdi.
ABŞ Prezidenti Donald Tramp fevralın 3-də uzun müddətdir fikir ayrılığı yaşadıqları Harvard ilə razılığa gəlmək üçün universitetdən tələb etdikləri təzminat məbləğinin 1 milyard dollar olduğunu bildirmişdi.
