Myanmada fövqəladə vəziyyət altı ay uzadılıb
Myanma hakimiyyəti ölkədə fövqəladə vəziyyətin müddətini altı ay uzadıb.
Bu barədə Respublika Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasının yekunları üzrə yayılan qərarda deyilir.
Sənədə əsasən, Təhlükəsizlik Şurasının üzvləri fövqəladə vəziyyətin daha 6 ay uzadılmasına yekdilliklə qərar veriblər. Sənəd həmçinin qarşıdan gələn “azad və ədalətli çoxpartiyalı ümumi seçkilərə” hazırlıq çərçivəsində çoxpartiyalı demokratik sistemin gücləndirilməsinin” zəruriliyini vurğulayıb. İclas iştirakçıları belə qənaətə gəliblər ki, səsvermənin uğurla keçirilməsi üçün hələ görüləcək işlər var.
Myanma baş nazirinin müavini və xarici işlər naziri Tan Svenin bildirib ki, ölkədə 2025-ci ilin sonuna planlaşdırılan parlament seçkiləri vətəndaş münaqişəsi iştirakçılarını hüquqi müstəviyə qaytarmaq məqsədi daşıyır. Ölkədə fəaliyyət göstərən 53 partiya səsvermədə iştirak etməyə hazır olduğunu bəyan edib.