Litva Belarusla sərhəddə fövqəladə vəziyyətin müddətini uzatdı
Litva parlamenti Belarusla sərhəddə tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddətini yanvarın 14-nə qədər uzadıb.
“Qafqazinfo” “BNS” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı qərar parlamentin bu gün keçirilən iclasında verilib.
İclasda iştirak edən 102 parlamentari miqrant böhranı ilə əlaqədar olaraq tətbiq edilən bu vəziyyətin uzadılmasına yekdilliklə səs verib.
Dekabrın 3-də Litva hökuməti Daxili İşlər Nazirliyinin Belarusla sərhəddə yerləşən ərazilərdə fövqəladə vəziyyətin müddətinin bir ay uzadılması təklifini təsdiqləyib.
Qeyd edək ki, Asiya və Afrikadan olan qanunsuz miqrantların Belarus-Polşa sərhədini hər vəchlə keçməyə cəhd etməsindən sonra Litva noyabrın 10-da Belarusla sərhəd ərazilərdə bir ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq etmişdi.