Binance-ə 6,3 milyard dollarlıq hücum saxta iş müsahibələri ilə həyata keçirilib



Dünyanın ən böyük kriptovalyuta birjası Binance 6,3 milyard dollarlıq rekord kiberhücumun arxasında saxta iş müsahibələrinin və şirkətdaxili süni intellekt alətinin ələ keçirilməsinin dayandığını açıqlayıb. 

AFN.az xəbər verir ki, şirkətin dərc etdiyi ilkin araşdırma hesabatında hücumçuların sistemlərə çoxmərhələli və mürəkkəb kampaniya vasitəsilə sızdığı bildirilib.

Hücumçuların Binance mühəndislərinə qarşı sosial mühəndislik üsullarından istifadə etdiyi qeyd olunub. Proses çərçivəsində mühəndislərdən biri ilə qanuni iş axtarışı platforması vasitəsilə əlaqə saxlanıldığı və saxta şirkət nümayəndələri ilə müsahibələr keçirildiyi bildirilib.

İkinci müsahibə zamanı mühəndisə tapşırıq adı altında aşkarlama mexanizmlərindən yayınan zərərli proqram təminatının yüklədildiyi qeyd olunub.

Hakerlərin ələ keçirdikləri kompüterdən və şirkətdaxili süni intellekt alətindən istifadə edərək digər mühəndislərin sistemlərinə daxil olduqları açıqlanıb.

Bu üsulla pul kisələrinin idarəetmə səlahiyyətlərini ələ keçirən hücumçuların milyardlarla dollar dəyərində kriptovalyuta aktivlərini kənara köçürdükləri bildirilib. Hadisədən sonra qlobal miqyasda pul çıxarılması əməliyyatlarını dayandıran Binance xidmətlər yenidən istifadəyə verildikdən sonra istifadəçilərin platformadan aktivlərini çıxardıqlarını açıqlayıb.

ABŞ Federal Təhqiqat Bürosu və Gizli Xidmət rəsmiləri oğurlanmış kriptovalyuta aktivlərinin izinə düşərkən hücumun Şimali Koreya tərəfindən təşkil edildiyinə dair əlamətlərin olduğunu açıqlayıblar. Binance də ABŞ rəsmilərinin əldə etdiyi məlumatların Şimali Koreyaya işarə etdiyini təsdiqləyib. Şimali Koreya rəhbərliyi isə iddiaları rədd edərək ittihamları təxribat adlandırıb.

Binance dəymiş zərəri qarşılamaq üçün tələb olunan vəsaitin hamısını ayırdığını və təsirlənmiş aktivlərin böyük hissəsinin bərpa edildiyini açıqlayıb.

Şirkət təhlükəsizlik təhdidlərini aşkarlayan süni intellekt alətlərinə investisiyaları artıracağını və müstəqil kibertəhlükəsizlik mütəxəssisləri ilə genişmiqyaslı araşdırma aparacağını bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu