Binance təhlükəsizlik araşdırması çərçivəsində 2,54 milyard dolları dondurub



Kriptovalyuta birjası Binance mümkün təhlükəsizlik problemi ilə bağlı araşdırma davam edərkən dondurulan aktivlərin təsdiqlənmiş ümumi məbləğinin 2,54 milyard dollar olduğunu açıqlayıb. 

AFN.az xəbər verir ki, şirkət bu rəqəmin əlavə aktivlərin izlənməsi və dondurulması ilə arta biləcəyini bildirib.

Binance tərəfindən yayılan açıqlamada ictimaiyyətə dondurulmuş aktivlərin həcmi ilə bağlı müxtəlif rəqəmlərin, o cümlədən dövriyyədə olan 1,8 milyard dollar məbləğində məlumatın məlum olduğu qeyd edilib.

Açıqlamada hazırda dondurulduğu təsdiqlənən aktivlərin ümumi məbləğinin 2,54 milyard dollar təşkil etdiyi bildirilib.

Komandaların hüquq-mühafizə orqanları, aktiv emitentləri, blokçeyn kəşfiyyatı şirkətləri və sektor tərəfdaşları ilə sıx əməkdaşlıq edərək əlavə aktivləri izləməyə və dondurmağa davam etdiyi vurğulanıb. Bu səbəbdən sözügedən məbləğin arta biləcəyi qeyd olunub. Yalnız təsdiqlənmiş rəqəmlərin paylaşılacağı və yeni məlumatlar dəqiqləşdikcə yeniləmələrin ediləcəyi bildirilib.

Binance-in digər açıqlamasında təhlükəsizlik probleminin aradan qaldırılması üçün fasiləsiz iş aparıldığı qeyd olunaraq, bütün itkilərin Binance tərəfindən qarşılanacağı bildirilib.

Profilaktik tədbir olaraq bütün depozit və vəsait çıxarılması əməliyyatlarının müvəqqəti dayandırıldığı açıqlanıb. Araşdırma başa çatdıqdan sonra vəziyyətlə bağlı ətraflı məlumat veriləcəyi qeyd edilib.

Binance daha əvvəl mümkün təhlükəsizlik problemi ilə bağlı məlumatlardan xəbərdar olduğunu və məsələni aktiv şəkildə araşdırdığını bildirərək istifadəçilərin vəsaitlərinin təhlükəsiz olduğunu açıqlamışdı.

Binance-in “CZ” kimi tanınan həmtəsisçisi və keçmiş rəhbəri Çanpen Çjao da X sosial şəbəkəsindəki paylaşımında istifadəçilərin vəsaitlərinin təhlükəsiz olduğunu bildirmişdi.

Hadisənin Binance-ə qarşı kiberhücuma bənzədiyini qeyd edən CZ, Tether-in təxminən 971 milyon dollar, Circle-ın isə təxminən 823 milyon dollar dəyərində aktivləri sürətlə dondurmasını yüksək qiymətləndirdiyini bildirmişdi.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu