DİN: Cinayətlərin sayı 5,7 faiz azalıb
Daxili İşlər Nazirliyində 2026-cı ilin 9 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.
AFN.az xəbər verir ki, oktyabrın 29-da keçirilən iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov cinayətkarlığa qarşı mübarizənin, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində fəaliyyətin digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə cari ilin ötən dövründə də məqsədyönlü şəkildə davam etdirildiyini bildirib.
Qeyd olunub ki, hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə qeydə alınmış 22 804 cinayətin 90,5 faizinin açılması təmin olunub.
Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 93,7 faizi açılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 5,7 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlər, qeyri-aşkar şəraitdə baş verənlər, adam öldürməyə cəhdlər, qəsdən sağlamlığa ağır və az ağır zərər vurmalar, mülkiyyət əleyhinə olan cinayətlər, o cümlədən oğurluqlar, dələduzluqlar, quldurluqlar, hədə-qorxu ilə tələb etmələr, avtonəqliyyat vasitəsinin qaçırılması, habelə xuliqanlıqlar, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən, odlu silahın tətbiqi ilə və qrup halında baş verən hüquqazidd əməllərin sayı azalıb.
Qeyri-aşkar şəraitdə törədilən, eləcə də ağır və xüsusilə ağır cinayətlərin, əzab vermələrin, mülkiyyət əleyhinə olan cinayətlərin, o cümlədən oğurluq və dələduzluqların açılması yaxşılaşıb, qəsdən adam öldürmə və cibgirlik cinayətlərinin açılması tam təmin olunub.
Keçmiş illərdən bağlı qalmış 294 cinayət açılıb və axtarışa elan edilmiş şəxslərin 87,2 faizi tutulub. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 402 nəfərdən ibarət 146 cinayətkar qrup zərərsizləşdirilib. Baş vermiş xırda talama faktlarının 87 faizi açılıb, dəymiş maddi ziyanın 85 faizi ödətdirilib.
Qanunsuz dövriyyədən 6 ton 443 kiloqram narkotik vasitə çıxarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 ton 780 kiloqram çoxdur.
Yol-nəqliyyat hadisələrinin sayı 67 fakt, qəzalarda ölənlərin sayı 7 nəfər, xəsarət alanların sayı isə 117 nəfər azalıb.
Gündəlikdəki məsələlər barədə Nazirliyin aidiyyəti baş idarələrinin rəisləri həyata keçirilmiş tədbirlər, əldə edilmiş nəticələr və yol verilmiş nöqsanların aradan qaldırılması üzrə görülmüş işlər barədə məruzə edib, eyni zamanda məruzə ətrafında çıxışlar dinlənilib.
Kollegiya iclasına yekun vuran nazir, general-polkovnik Vilayət Eyvazov xidməti vəzifələrin və qarşıya qoyulan tapşırıqların hesabat dövründə bütövlükdə layiqincə yerinə yetirildiyini qeyd edib, fəaliyyətin effektivliyinin artırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən edib.
Vilayət Eyvazov cinayətkarlığın bütün təzahürlərinə, xüsusilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin qətiyyətlə davam etdirilməsinin vacibliyini vurğulayıb. O, bu sahədə əməliyyat-axtarış tədbirlərinin, internet informasiya resursları vasitəsilə narkotiklərin satışını həyata keçirmək cəhdlərinin qarşısının alınması üzrə fəaliyyətin səmərəliliyinin artırılması, qanunsuz dövriyyə kanallarının vaxtında zərərsizləşdirilməsi və profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Polis orqanlarının istintaq və təhqiqat qurumlarında fəaliyyətin təşkili məsələlərinə də toxunan nazir cinayət işlərinin hərtərəfli, obyektiv və qanunvericiliyin tələblərinə uyğun araşdırılmasının, prosessual müddətlərə ciddi riayət olunmasının, vətəndaş müraciətlərinə həssas yanaşılmasının və ibtidai araşdırmanın keyfiyyətinin yüksəldilməsinin zəruriliyini diqqətə çatdırıb. O, hər bir müstəntiqin və təhqiqatçının əsas vəzifəsinin insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu vurğulayıb, aidiyyəti üzrə konkret tapşırıqlar verib.
Müasir texnologiyaların tətbiqinin və idarəetmədə rəqəmsallaşmanın genişləndirilməsinin fəaliyyətin səmərəliliyinin artırılmasında, operativliyin təmin edilməsində və xidmətin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını bildirən nazir informasiya sistemlərinin imkanlarından səmərəli istifadənin və idarəetmə proseslərinin təkmilləşdirilməsinin davam etdirilməsinin vacibliyini vurğulayıb.
İlin başa çatmasına az müddət qaldığını diqqətə çatdıran general-polkovnik Vilayət Eyvazov əldə edilmiş müsbət nəticələrin davam etdirilməsini, arxayınçılığa yol verilməməsini, şəxsi heyətin peşəkarlığının yüksəldilməsini, icra intizamının gücləndirilməsini, müasir texnologiyaların fəaliyyətdə daha geniş tətbiqi üçün təşəbbüskarlığın artırılmasını, bütün qüvvə və imkanların qarşıda duran vəzifələrin yerinə yetirilməsinə səfərbər olunmasını tələb edib. O, bu və digər istiqamətlər üzrə konkret tapşırıqlar verib.


